Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi, akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Ə.Əmiraslanov bu dəfə deputatlığa namizəd olduğu 65 saylı seçki dairəsinə aid olan Kürdəmir rayonunun Qocalı kəndində seçiciləri ilə görüşüb. Görüşdə Qocalı kənd sakinləri ilə yanaşı, Xəlsə, Beyi və Pirəköçə kəndlərdən olan seçicilər də iştirak edib.
Görüşdə çıxış edən akademik Əhliman Əmiraslanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Kürdəmir rayonunda da sosial layihələrin həyata keçirilməsini və ölkəmizdə əhalinin sosial rifahının getdikcə yaxşılaşdığını bildirib. Ə.Əmiraslanov qeyd edib ki, görülən tədbirlərdən biri də vətəndaşlarımıza göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün icbari tibbi sığorta sisteminin tətbiqidir. Əhliman Əmiraslanov bununla belə, vətəndaşları narahat edən bəzi problemlərin də olduğunu qeyd edib. O, seçicilərin yenidən etimadını qazandığı halda, hər zaman olduğu kimi bundan sonra da seçiciləri narahat edən məsələlərin Milli Məclisdə qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini, onların həlli naminə köməyini əsirgəməyəcəyini, hər zaman seçicilərinin yanında olacağını bəyan edib.
Görüşdə çıxış edən seçicilər də öz növbəsində Ə.Əmiraslanovun deputat olduğu ötən illər ərzində seçicilər hər hansı bir problemlə bağlı deputata müraciət etdikdə dərhal lazımi köməklik göstərildiyindən danışaraq, 9 fevralda yenidən hamılıqla Ə.Əmiraslanova səs verəcəklərini bildiriblər.