Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutub. Bununla bağlı Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib. Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.
Qeyd edək ki, görüşdə müzakirə olunan detallarla bağlı tərəflər rəsmi məlumat verməyib. Ancaq görüş astanasında bir sıra nüfuzlu xarici nəşrlər görüşdə müzakirə olunacaq mövzularla bağlı fikirlərini yazıblar. Həmin məlumatların əksəriyyətində qeyd edilir ki, xarici işlər nazirlərinin görüşündə yalnız Madrid prinsipləri müzakirə mövzusu ola bilər. Rusiya nəşrinin yazdığına görə, görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı geniş məsələlərə toxunulacaq. Söhbət əvvəlki kimi Madrid prinsipləri adı ilə məşhur olan nizamasalma planından gedir. “Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar, həmişə olduğu kimi, yüksək məxfilik rejimində aparılır. Nazirlərin dəqiq nə söyləyəcəkləri və nəyin müzakirə ediləcəyi məlum deyil. Duman danışıqlardan sonra belə dağılmır - danışıq aparanlar ümumi sözlər və qeyri-müəyyən qiymətləndirmələrlə keçinirlər", - deyə qəzet yazır.
Bütün təhlillərin nəticəsi də göstərir ki, tərəflər arasındakı danışıqlar son mərhələyə kimi bu prinsip əsasında davam etdirilib. Ancaq maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamsında Madrid prinsipləri ilə bağlı razılaşmanı ələ salan mövqe sərgilədi. Hətta qeyd etmişdi ki, həmin plan keçmiş hakimiyyətdən ona “miras” qalıb. Paşinyan bilir ki, 7 rayonun qaytarılması Madrid prinsiplərinin bünövrəsidir. Düzdür, Paşinyanın belə bəyanatı öz rəqiblərinin nüfuzunu aşağı salmağa hesablanıb. Ancaq əks effekti verdi. Çünki müxalif partiyanın funksionerləri onu top atəşinə tutdular. Açıq şəkildə bəyan etdilər ki, Ermənistana rəhbərlik etmiş bütün prezidentlər münaqişənin həllində güzəşt variantını məqbul sayıblar. “Respublikaçılar” bildiriblər ki, yaxşı olar ki, Paşinyan əlinin altında olan plana yaxşı baxsın. Bununla onlar demək istəyiblər ki, Paşinyan hakimiyyətinin özü də danışıqları Madrid prinsipləri əsasında aparır. Hazırda Ermənistan Xarici İşlər nazirinin görüşdə iştirakı bunun sübutu sayılır. Vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədrləri də Madrid prinsipləri barədə fikirlərini səsləndiriblər. Məzmun belə idi ki, rayonlar Azərbaycana qaytarılır, müvəqqəti olaraq Laçın dəhlizi saxlanılır, sülhməramlılar daxil olur, köçkünlər öz evlərinə qayıdır, ikinci mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməli idi. Referenduma texniki yanaşma müxtəlifdir. Aydındır ki, Paşinyan hakimiyyətini möhkəmləndirmək naminə müxtəlif ziddiyyətli bəyanatlar verir. Onun son bəyanatı da Mnatsakanyanın görüşdə iştirakı ilə daban-dabana ziddir. Bir daha görünür ki, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ problemi ilə bağlı vahid mövqeyi və strategiyası yoxdur.
Məhəmmədəli QƏRİBLİ