25/02/2020 12:21
728 x 90

9 fevral seçkilərinin daha bir əlamətdarlığı – iş adamlarının deputatlıq iddiaları sönük oldu...

Azər Həsrət: “Bir sıra iş adamları var ki, ümumiyyətlə, siyasətdən uzaqdırlar”

img

Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Namizədlərin içərisində müxtəlif peşə sahibləri var. Xüsusən də yaşca cavan olanlar prosesdə daha fəal görünürlər. Ancaq seçki elan olunandan indiyə qədər müşahidələr göstərir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədliyini irəli sürənlər arasında biznesmenlər çox azdır. Hansı ki, bir vaxtlar biznesmenlər parlamentə daha çox iddialı idilər. Xüsusən də 2005-ci ildə keçirilən parlament seçkilərində namizədlər içində iş adamlarının sayı çox idi. Belə ki, iş adamları bizneslərini yaxınlarının adına keçirib, seçkidə namizədliklərini ortaya qoyurdular. Sonrakı parlament seçkilərində namizədlərin içərisində iş adamlarının sayı azalmağa doğru getdi. Ancaq budəfəki seçki kampaniyasında isə, ümumiyyətlə, onların sayı kəskin azalıb. Bəlkə də biznesmenlərin siyasətə marağı ona görə azalıb ki, öz gəlirlərini, biznes fəaliyyətlərini daha üstün tuturlar. Yaxud da özlərini siyasətdə görmədiklərini anladıqları üçün, namizəd olmalarını məqsədəuyğun saymırlar.

Maraqlıdır, bəs ekspertlər iş adamlarının deputatlığa maraq göstərməməsinin səbəbini nə ilə izah edirlər?

  • “...biznesmenlər deputatlıq iddiasından əl çəkiblər”

Məsələyə münasibət bildirən ekspert Azər Həsrət bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, budəfəki parlamentin yeni tərkibi yeni çağırışlara uyğun formalaşacaq. Çünki parlament vaxtından əvvəl buraxıldı ki, məhz Prezidentin həyata keçirdiyi islahatlara uyğun qanunverici orqan formalaşdırılsın. Ona görə də iş adamları baxıb gördülər ki, bu dəfə peşəkar siyasət adamlarından, peşəkar qanunverici kadrlardan ibarət bir parlamentin formalaşdırılmasına ehtiyac var. Onlar bunu dərk etdiyindən, parlamentdə vaxt itirmək istəmirlər. Çünki, bir qayda olaraq, o iş adamı dediyimiz şəxslər, faktiki olaraq, gəlib Milli Məclisdə otururdular, amma hansısa faydalı işləri ilə seçilmirdilər. Qanunların yaradılmasında, praktiki olaraq, iştirak etmirdilər. Yəni iş adamı olan deputatların ciddi çıxışları, təşəbbüsləri heç vaxt gündəmdə olmayıb. Ona görə də iş adamlarının parlamentdə olması məqsədəuyğun deyil. Biznesmenlər siyasətə qarışmasalar yaxşıdır. Çünki siyasət həvəskarların yeri deyil. Peşəkar şəkildə siyasətlə məşğul olanlar bu sahədə olmalıdırlar. Bununla yanaşı, Prezidentin çağırışlarını nəzərə alaraq bu cür adamlar siyasi iddiadan uzaq durmağı üstün tutdular. Hesab edirəm ki, iş adamlarının bu addımı doğrudur. O mənada ki, parlament peşəkar siyasət adamlarından ibarət olmalıdır. Xüsusən də siyasi təcrübəsi olan və xarici dil bilən şəxslər parlamentdə təmsil olunmalıdırlar. Parlament beynəlxalq təşkilatlarla işləmə bacarığı olan şəxslərdən formalaşmalıdır. Bir sıra iş adamları var ki, ümumiyyətlə, siyasətdən uzaqdırlar. Hesab edirəm ki, bütün bu amilləri nəzərə aldıqları üçün iş adamları deputatlıq iddiasından əl çəkiblər”.

Vidadi ORDAHALLI

Son xəbərlər