19/02/2020 15:38
728 x 90

Süleymanini qətl edən ABŞ MKİ-nin yüksək rütbəli agentinin Əfqanıstanda öldürüldüyü iddiası yayıldı...

img

İran hakimiyyəti, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı sui-qəsdi planlaşdıran yüksək rütbəli ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmisinin Əfqanıstanda qəzaya uğrayan təyyarədə olduğunu iddia edib.

Baki-xeber.com xəbər verir ki, Tehran administrasiyasına yaxın "Mizan" yayım quruluşunun xəbərinə görə, Əl Qaidə lideri Üsamə bin Ladenin öldürüldüyü əməliyyatda da iştirak etdiyi iddia edilən Maykl D'Andrea dünən Əfqanıstanın Qazne əyalətində qəzaya uğrayan təyyarədə olub və təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran, Əfqanıstan və İraqdakı əməliyyatlarına rəhbərlik edən “Dark Prince” (Qaranlıq Şahzadə) ləqəbli Maykl D'Andreanın SEPAH generalı Süleymaniyə sui-qəsd planlaşdıran şəxs olduğu iddia edilir. MKİ rəsmisinin eyni zamanda regionda İranın nüfuzunu və şiə təsirini azaltmaq üçün İran və İraqda etiraz aksiyalarına fəal dəstək verdiyi deyilir.

ABŞ-ın ən güclü casuslarından biri kimi göstərilən D'Andrea MKİ-yə 1979-cu ildə İranda Xomeyni inqilabı baş verən zaman qoşulub. D’Andrea İrandakı əməliyyatlara görə “Ayətullah Mike” ləqəbi ilə də tanınır.

Onu da qeyd edək ki, “Taliban” MKİ-yə məxsus olduğunu iddia etdiyi təyyarənin qəzaya uğramadığını, onlar tərəfindən vurulduğunu iddia edir. Ancaq təşkilat bununla bağlı heç bir dəlil təqdim etmir. Qeyd olunur ki, Amerikanın ən təkmil casus platforması və mobil komanda mərkəzi bütün təchizatları və sənədləri ilə birgə "Taliban"ın əlinə keçib.

Qəzaya uğrayan təyyarədə neçə nəfərin olduğu və öldüyü barədə xəbərlər də mübahisəlidir... “Taliban” təyyarədən altı cəsədin çıxarıldığını, əfqan polisi isə dörd nəfərin öldüyünü, 2 nəfərin itkin düşdüyünü bildirib. Bir ABŞ rəsmisi isə təyyarədə beş nəfərdən az adamın olduğunu açıqlayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani və "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis də daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 34 hərbçinin xəsarət aldığını bildirib.

Son xəbərlər