Seçkilərə yenidən qatılmış hazırkı deputatların az sayda bəzilərinə böyük seçici dəstəyinin sirləri…

Etiraf edək ki, bəzi seçki dairələrində parlamentə təkrar seçilmək niyyətini ortaya qoyan hazırkı deputatların heç də hamısının seçki kampaniyası uğurla keçmir. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, həmin namizədlərə daha çox sual verilir, onlardan, bir növ, son 5 illik fəaliyyətin nəticələri soruşulur. Hətta elələri var ki, onları az qala keçirdikləri görüşlərdən qovmaq istəyirlər.
Ancaq etiraf edək ki, belə vəziyyəti heç də namizədliyini irəli sürən bütün millət vəkillərinə şamil etmək olmaz. Məsələn, müşahidələrimiz göstərir ki, Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Keçirdiyi görüşlərdə əhali ona böyük etimad göstərir. Belə uğurlu seçki kampaniyası apara bilən az sayda millət vəkili var. Maraqlıdır, seçkilərə yenidən qatılmış az sayda hazırkı deputatların böyük seçici dəstəyi qazana bilməsinin sirləri nədədir?
- İsmayıl Ağayev: “Onlar bunu seçiciyə olan diqqətləri ilə qazana biliblər”
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə bildirdi ki, bu məsələni konkret şəxslər üzərində fokuslamaq istəmir: “Bəli, seçkilərə qatılan müxtəlif kateqoriyalı adamlar var. Mənim özüm bu dəfə namizədlyimi irəli sürməsəm də, seçki prosesini yaxından izləyirəm. Bəzi dostlarımızın təbliğat-təşviqat prosesində yaxından iştirak edirəm. Namizədliyini irəli sürən hazırkı deputatların əksəriyyətinə münasibətimin heç də yaxşı olmamasının bir səbəbi var: seçiləndən sonra seçicilərlə vidalaşıb, bir də 5 ildən sonra onları yada salmaq kimi hərəkətləri. Çox təəssüflə qeyd etməliyik ki, belə vəziyyətin olduğunu hətta Prezident də dedi. Bildirdi ki, bəzi deputatlar seçiləndən sonra öz seçiciləri ilə görüşmürlər. Mən başa düşürəm, bəzən seçicilər də deputatlardan çox tələblər edirlər. Həmin işlərin çoxu deputatların səlahiyyəti çərçivəsində olmur. Ancaq bu o demək deyil ki, seçicidən qaçmaq lazımdır. Heç olmasa, ildə bir neçə dəfə seçicilərlə görüşmək, seçicilərin problemləri ilə maraqlanmaq millət vəkillərinin borcudur. Bunu etməyənlərə xalq layiq olduqları qiyməti verir. Edənlər isə mehribanlıqla qarşılanır. Doğrudan da seçicilərin rəğbətini qazanmağı bacaran millət vəkillərimiz var. Onlar bunu seçiciyə olan diqqətləri ilə qazana biliblər. Bunun başqa bir düsturu yoxdur. Xalqın gözü tərəzidir. O bilir ki, kimi rəğbətlə qarşılamaq lazımdır, kimisə kənddən qovmaq. Yaxşı olardı ki, hazırda seçiləcək gələcəyin millət vəkilləri də belə mənzərədən nəticə çıxarsınlar. Millət vəkili olmaq yalnız gedib parlamentin iclaslarında oturub, yaxşı əməkhaqqı almaqla bitmir. Bunun üçün etimad göstərmiş adamların səsi olmağı bacarmaq gərəkdir. Belə olmasa, həmin millət vəkilinə heç bir rəğbət və ehtiram olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ