27/09/2020 02:26
728 x 90

Deputatlığa namizədlər seçki platformalarında Qarabağ məsələsinə necə yanaşır və ya yanaşırlarmı...

Məhərrəm Zülfüqarlı: “Qarabağ məsələsinə bir sıra hallarda namizədlər ya toxunmur, ya da bəzi namizədlər ümumi olaraq buna münasibət bildirirlər”

img

Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə 20-dən çox siyasi partiya qatılıb. Yanvarın 17-dən başlanan təbliğat-təşviqat kampaniyası davam edir. Budəfəki seçkiqabağı təşviqat kampaniyası əvvəlki seçkilərdə müşahidə etdiklərimizdən xeyli fərqlənir. Fərq ondan ibarətdir ki, namizədlərin həm sosial şəbəkələrin imkanlarından, həm digər rəqəmsal alətlərdən geniş istifadə etdikləri müşahidə edilir. Məqsəd daha geniş müstəvidə təbliğat aparmaqdır.

Ancaq maraqlıdır ki, budəfəki seçkilərdə partiya namizədlərinin platformalarında, şüarlarında, çağırışlarında, demək olar, Qarabağ məsələsi nəzərə çarpmır. Bu həm partiyalardan, həm də müstəqil şəkildə namizədliyini irəli sürən şəxslərə aiddir. Bir sıra namizədlər seçkiyə vahid platforma ilə gedirlər. Qarabağ məsələsinin namizədlərin platformalarında xüsusi olaraq qabardılması müşahidə edilmir. Xüsusi olaraq Qarabağla bağlı şüarların səsləndirilməsi o qədər də nəzərə çarpmır. Ümumi olaraq bu məsələyə toxunulur. Ancaq bu heç də bütün partiyaların timsalında özünü göstərmir. Bir sıra partiya sədrləri bildirirlər ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı onların mövqeyi dəyişməyib. Ümumi olaraq bildirirlər ki, sözügedən məsələ siyasi-hərbi yolla həll edilməlidir. 

Bütün bu deyilənlərin fonunda maraqlıdır, namizədlərin seçki platformasında Qarabağ məsələsinin qoyuluşu məqbul sayıla bilərmi? Yanaşmalarda əsasən hansı tendensiyalar var?

  • “Hesab edirəm ki, bu düzgün yanaşma deyil”

Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, deputatlığa namizədlərin platformalarında Qarabağla bağlı şüarlar məqbul səviyyədə deyil: “Namizədlər əsasən öz seçki dairələrinin problemləri ilə məşğul olmağı üstün tuturlar. Platformalarında da öz seçicilərinə yönəlik mesajları verməyə çalışırlar. Qarabağ məsələsinə bir sıra hallarda namizədlər ya toxunmur, ya da bəzi namizədlər ümumi olaraq buna münasibət bildirirlər. Onlar hesab edirlər ki, Qarabağ bölgəsindən, məcburi köçkün rayonlarından olan namizədlər bununla bağlı şüarlar irəli sürsünlər. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Yadda saxlamaq lazımdır ki, Azərbaycan xalqının ümummilli problemləri var. Hər bir deputatlığa namizəd olan şəxs bunu yadda saxlamalıdır. Ona görə də Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək məsələsi də mütləq olmalıdır. Hər bir namizəd öz platformasında mütləq ümummilli problemlərin də həllinə yer ayırmalıdır. Bunlardan ən başlıcası Dağlıq Qarabağ problemidir. Çünki bunlar parlamentdə tək hansısa dairənin məsələsini yox, Azərbaycan məsələlərini qanunvericiliklə həll edəcəklər. Qanunvericilikdə də Dağlıq Qarabağla bağlı çoxlu məsələ ortaya çıxa bilər. Ona görə də deputatlığa namizədlər bu amili yaddan çıxarmamalıdırlar. Bu amili hansısa namizəd yaddan çıxarırsa, deməli, həmin namizəddə ümummilli mənafe məsələsində nəsə problem var”.

Vidadi ORDAHALLI

Son xəbərlər