24/09/2020 08:23
728 x 90

Dağlıq Qarabağa qanunsuz gələnlər ən çox Rusiya, ABŞ və Fransa vətəndaşlarıdır – Paradoks...

img

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən əcnəbilərlə bağlı statistika açıqlanıb.

Erməni mediasının yaydığı məlumata görə, qondarma Qarabağ rejiminin “mədəniyyət, gənclər və turizm naziri” Lernik Ovanisyan 2019-cu ilin yanvarından dekabr ayına qədər işğal altındakı torpaqlara 41 min 963 əcnəbinin səfər etdiyini bildirib. O bu rəqəmin əvvəlki illə müqayisədə çox olduğunu bildirib. Qeyd edib ki, 2018-ci ildə 28 min 588 nəfər Qarabağa səfər edib.

Qarabağa qanunsuz səfər edənlərin 19160 nəfəri Rusiya, 7527 nəfəri ABŞ, 1661 nəfəri Fransa, 765 nəfəri Almaniya, 699 nəfəri Livan, 685 nəfəri Polşa, 671 nəfəri Çin, 594 nəfəri Argentina, 575 nəfəri Kanada və 568 nəfəri isə Suriya vətəndaşıdır.

Paradoks doğuran məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa vətəndaşları Azərbaycan qanunvericiliyinə ən çox hörmətsizlik göstərib. Məhz ən çox həmsədr ölkələrdən Qarabağa qanunsuz səfərlərin edilməsi heç bir məntiqə sığmır. Məsələ ondadır ki, sözügedən ölkələr münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərlərinə götürdükləri üçün, məhz onlar bu məsələdə daha diqqətli olmalıdırlar. Çünki Qarabağ işğal altında olsa da, beynəlxalq qanunlara görə Azərbaycan ərazisi hesab olunur. O cür qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Bu baxımdan başlıca olaraq həmsədr ölkələr  belə qanunsuz səfərlərdən uzaq durmaqla bağlı öz vətəndaşlarına müraciət etməlidirlər. Ancaq biz bunun tam əksini görürük.

  • Əli Orucov: “Bu onu göstərir ki, həmsədr ölkələr belə qanunsuz səfərlərin qarşısını almaqda maraqlı deyillər”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbi vətəndaşların böyük hissəsinin həmsədr ölkələrin vətəndaşlarından ibarət olması böyük təəssüf doğurur: “Zatən, həmsədrlərin fəaliyyəti arzuolunan səviyyədə deyil. Minsk Qrupu həmsədrləri vasitəçilik missiyası adı altında pərdələnərək, əslində, problemin həllini ləngidirlər. Onlar, sadəcə, status-kvonu qoruyub saxlamağa çalışırlar. Minsk Qrupu həmsədrləri təcavüzdən danışır, amma təcavüzkarın adını çəkməyə cəsarəti çatmır. Hətta onlara sual verəndə də təcavüzkar dövlət kimdir, cavab verirlər ki, bunu müəyyən etmək tarixçilərin işidir. Həmsədrlərin əsas fəaliyyəti ona yönəlib ki, növbəti genişmiqyaslı hərbi əməliyyatlar olmasın. Həmsədrlər doğrudan da münaqişənin həllində maraqlı olsaydılar, o zaman başqa cür mövqe sərgiləyərdilər. Ən azından, Dağlıq Qarabağa qanunsuz səfərlərin edilməsini pisləyən bəyanatlarla çıxış edərdilər. Yaxud da öz vətəndaşlarına rəsmi çağırışla müraciət edib deyə bilərdilər ki, Dağlıq Qarabağa qanunsuz səfər etməyin. Belə bir təşəbbüslə çıxış etsəydilər, o zaman Qarabağa qanunsuz səfər edənlərin sayı bu qədər çox olmazdı. Həmsədrlər nəinki bunu etmir, buna heç həvəs də göstərmirlər. Bu onu göstərir ki, həmsədr ölkələr belə qanunsuz səfərlərin qarşısını almaqda maraqlı deyillər”.

Vidadi ORDAHALLI

Son xəbərlər