21/02/2020 19:36
728 x 90

İlham Əliyev Davosda Yaxın Şərqin müharibə ocaqlarının söndürülməsi reseptini təklif etdi - supergüclərə çağırış...

img

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında moderatorun suallarını cavablandırarkən bizim regionumuz üçün bütün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etməklə yanaşı, həm də  dünyanın diqqətini regionumuzda əsas təhlükə mənbəyi kimi erməni təcavüzünün durdurulmasına yönəltmiş oldu. Prezident qaynar nöqtələrdə artan gərginliyə görə supergüclərin məsuliyyət daşıdığını qeyd edib.

Dövlət başçısı bildirib ki, regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir: "Ölkədə bizim daxili risqlərimiz yoxdur, istər siyasi risqlər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan supergüclər daşıyacaq.

Bilirsiniz, biz bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük. Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin, demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur".

Ölkə başçısının supergüclərə məsuliyyətlərini müəyyən etmələri ilə bağlı verdiyi mesajın nə kimi əhəmiyyəti var?

  • Mübariz Əhmədoğlu: “Dünyanın supergücləri bu çağırışdan nəticə çıxarıb, əminamanlığın təmin olunması istiqamətində gərəkli addımları atmalıdırlar”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bəşəri əhəmiyyətli bir fikrin məhz İlham Əliyev tərəfindən səsləndirilməsinin bir sıra səbəbləri var: “Bununla bir daha sübut olunur ki, Azərbaycan regionun aparıcı ölkəsidir. Cənubi Qafqazın aparıcı aktor ölkəsi kimi bizi yalnız öz sərhədlərimiz daxilində baş verənlər deyil, eyni zamanda, sərhədlərimizə yaxın coğrafiyada baş verən qaynar proseslər narahat edir. Belə çağırışı etməklə Prezident həm də bir cəsarət nümunəsi ortaya qoymuş olur. Bunu hamı bilir, ancaq çox adam dilə gətirməyə cəsarət etmir. Bəli, bu gün Yaxın Şərqdə baş verən hadisələr dünyanın supergüclərinin müharibəsidir. Tarixdə hər zaman belə olub. Böyük müharibələr dünyanı yenidən bölüşdürmək səbəbilə alovlanıb. Ən maraqlısı budur ki, həmin güclər münasibətlərinin aydınlaşdırılması, yeni silahlarını sınaqdan çıxarmağın poliqonu kimi öz sərhədlərindən uzaq məsafələri seçirlər. Ancaq həmin qaynar ocaqlar bizə yaxındır. Bundan Azərbaycanın da zərər çəkə bilmə ehtimalı çoxdur. Məhz İranla ABŞ arasındakı müharibə vəziyyəti də Yaxın Şərqdəki maraqların toqquşmasından alovlanıb. Bizmlə birbaşa sərhədi olan ölkədir. Orada müharibə başlasa, ən böyük ziyanı da biz çəkərik. ABŞ-ın belə siyasəti var. Özlərində vəziyyət gərginləşən kimi başqa ölkələrdə xaos yaradırlar ki, dünyanın başı ora qarışsın. Ancaq bu, bizi narahat edir. Prezidentin çağırışı yalnız bizim üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyətlidir. Çünki sülhün təmin olunmasına hesablanıb. Dünyanın supergücləri bu çağırışdan nəticə çıxarıb, əminamanlığın təmin olunması istiqamətində gərəkli addımları atmalıdırlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər