21/09/2020 23:28
728 x 90

Azərbaycanın yeni parlamentinin vacib missiyaları Davosda dünya liderlərinə çatdırıldı...

img

Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda ölkədə aparılan islahatlardan danışıb.

Prezident xüsusilə də 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi haqda da fikir bildirib və deyib ki, yeni parlament ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq: “Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”.

Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələr barəsində dostluq siyasəti yürüdür, lakin milli maraqlar hər şeydən üstündür: “Biz siyasi-iqtisadi sahədə ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos İqtisadi Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində bir çox nailiyyətlər əldə etdik, bu göstərici üzrə dünyada 27-ci yerdəyik”.

İ.Əliyev əlavə edib ki, həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib: “Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müsir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə uğur qazanmaq yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib”.

Göründüyü kimi, ölkə başçısı Azərbaycanda yeni parlamentin formalaşması və aparılan kadr islahatları ilə bağlı mesajları dünya birliyinə çatdırıb. Bu mesajların nə kimi əhəmiyyəti ola bilər?

  • Rauf Zeyni: “Bununla da Azərbaycan barədə daha dinamik inkişafa meylli və yeniliklərlə ayaqlaşmağı bacaran bir ölkə imici formalaşdırılır”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, ölkə başçısı Davos Forumunda daim iştirak edir və həmin tribunadan da ölkəmizin nailiyyətləri və üzləşdiyi problemlər haqda ətraflı danışır: “Davos Forumu çox nüfuzlu platformadır. Xüsusilə də dünyanın biznes nəhəngləri həmin prosesi, oradan verilən bəyanatları diqqətlə izləyir və buna uyğun öz işlərini qururlar. Prezidentin verdiyi bəyanatın həm siyasi, həm də iqtisadi anlamda ölkəmiz üçün faydası var. Siyasi anlamda ona görə ki, bütün dünyaya ölkəmizdə aparılan yenilənmənin, kadr islahatlarının mahiyyəti çatdırılır. Eyni zamanda, vəzifələrə yeni dünyagörüşünə malik olan kadrların gətirilməsi və bunun önəmi bildirilir. Bununla da Azərbaycan barədə daha dinamik inkişafa meylli və yeniliklərlə ayaqlaşmağı bacaran bir ölkə imici formalaşdırılır. İqtisadi anlamda isə bunun ölkəmizin biznes reytinqinin artması, ölkəyə əlavə investisiyaların cəlbi baxımından böyük önəmi var. Çünki bu istiqamətdə reytinq göstəriciləri məhz belə amillərə görə formalaşır. Yeni parlamentin formalaşması da məhz aparılan islahtalarla bağlı zərurətdən irəli gəlib. Hətta buraxılmaya səbəb kimi də parlamentin gedən islahatlarla ayaqlaşa bilməməsi göstərildi. Bu baxımdan da yeni formalaşacaq parlamentdən daha dinamik fəaliyyət gözləməyə dəyər. Bunu əminliklə ölkə başçısı da deyirsə, deməli, parlamentin fəaliyyətində biz yenilikləri görəcəyik. Dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, bizdəki islahatlar birprofilli deyil, çoxşaxəli şəkildə aparılır. Bizə qarşı qərəzli olan dairələr də daim Azərbaycanda islahatların zəruriliyini öz hesabatlarına salırdılar. Görək bundan sonra nə deyəcəklər?”

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər