20/02/2020 20:38
728 x 90

Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlar yekun mərhələdədir, ancaq razılaşdırılmayan məsələlər var...

img

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqlar yekun mərhələdədir.

Trend-in məlumatına görə, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə qədəm qoyacaq.

Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini deyən K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: "Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox investisiya yatıran dövlətlərdir. Aİ, həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir".

Kestutis Yankauskas jurnalistlərə açıqlamasında bildirib ki, yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin imzalanması üçün danışıqların yeni mərhələsi həyata keçiriləcək. O, əminliklə bildirib ki, hər iki tərəf əməkdaşlıq sazişinin ən qısa zamanda imzalanması üçün səylər göstərəcək.

K.Yankauskas Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlərin məhz ticarət və iqtisadiyyatla bağlı olduğunu vurğulayıb.

Aİ rəsmisi bildirib ki, keçən ilin dekabr ayında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirilib: "Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak etdi və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirildi. Bu görüşlərdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr aparıldı".

Son xəbərlər