23/09/2020 19:44
728 x 90

Qorbaçova cinayət işinin açılması Azərbaycan cəmiyyətinin ümumi tələbinə çevrilib...

img

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin ilk və son prezidenti Mixail Sergeyeviç Qorbaçovun birbaşa göstərişi ilə sovet qoşunlarının Bakıda dinc, silahsız, əliyalın Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın hadisəsinə görə hələ nə Qorbaçov, nə də onun əmrinin həyatda olan icraçıları cinayət məsuliyyətinə cəlb edilməyiblər.

20 Yanvar faciəsinin törədilməsindən 30 il keçib və cinayətkarın cəzasına çatdırlmaması, onun(ların) ədalət məhkəməsi qarşısında cavab verməməsi cəmiyyətimizdə ciddi narazılıq doğurub. Artıq Azərbaycan vətəndaşları tələb edirlər ki, SSRİ-ni dağıtdığına və yüzlərlə insanın qətlinə fərman verdiyinə görə aldığı “Nobel” mükafatının arxasında gizlənən Qorbaçovun 30 il əvvəl Bakıda tökdüyü qanlara görə cinayət məsuliyyətinə cəlb olunması, bunun üçün də cinayət işi açılması vacibdir. Bu gün Azərbaycan cəmiyyətində, KİV-də, eləcə də sosial şəbəkələrdə bununla bağlı ictimai tələblərin miqyası genişlənməkdədir. Qorbaçovun əməlləri ilə bağlı cinayət işinin açılması üçün kifayət qədər əsaslar olduğunu deyən hüquqşünaslar hesab edirlər ki, 30 il o, cinayət məsuliyyətindən yaxa qurtara bilsə də, indən sonra onun belə bir fürsəti olmamalıdır.

  • Əziz Qənbərov: “Gec də olsa Qorbaçova cinayət işi açılmalıdır və bunun üçün hüquqi, siyasi əsaslar da var”

Tanınmış hüquqşünas Əziz Qənbərov “Bakı-Xəbər”ə bildirdi ki, Qorbaçovun 30 ildir cinayət məsuliyyətinə cəlb edilməməsi mənfi bir haldır. Ə.Qənbərovun sözlərinə görə, gec də olsa, Qorbaçovun əməlləri ilə bağlı cinayət işi açılmalıdır. “Əslində, 30 il əvvəl Bakıda Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayət hadisəsinin, qətliamın, kütləvi qırğının müəllifi olan Qorbaçovun əməlləri ilə bağlı cinayət işi açılmasına gecikmişik. Onunla bağlı cinayət işi çoxdan açılmalı idi. Qorbaçovun göstərişi, əmrilə Bakıda baş verən faciə, tökülən qanlar cavabsız qalmalı deyildi, Qorbaçov buna görə həbs edilməli idi. Qorbaçovun göstərişi ilə Bakıda törədilən qırğın dinc insanlara qarşı törədilən ən qanlı aktlardan biri kimi tarixə düşüb. Bir Azərbaycan vətəndaşı, hüquqşünası, ata-baba yurdundan didərgin düşən bir ziyalı kimi Qorbaçova qarşı cinayət işinin açılmasını çox arzulayıram. Eyni zamanda, onunla yanaşı, 20 Yanvar qırğınında əli olan hər kəs öz layiqli cəzasını almalıdır. Bunun üçün də mən əlimdən gələni etməyə hazıram. Hesab edirəm ki, Qorbaçov başda olmaqla, 20 Yanvar faciəsini törədən şəxslərin törətdikləri cinayətlərlə bağlı bir komissiya yaradılmalıdır. Bu komissiya Qorbaçovun cinayətkar əməllərini araşdırmalı, onu beynəlxalq aləmə yaymalı, sonra isə onunla bağlı cinayət işinin açılmasına nail olmalıdır. Bunu Azərbaycan xalqı və ictimaiyyəti tələb edir. Gec də olsa Qorbaçova cinayət işi açılmalıdır və bunun üçün hüquqi, siyasi əsaslar da var”.

  • Rauf Zeyni: “Qorbaçova cinayət işinin açılması mümkündür”

Milli Qeyri-Hökümət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni isə məsələyə fərqli yanaşır. O hesab edir ki, Qorbaçovun əməlləri ilə bağlı cinayət işinin açılmasına nail olmaqla heç nə əldə edə bilməyəcəyik. “Məlumdur ki, 20 Yanvar hadisəsinin baş cinayətkarı Qorbaçovdur. Qorbaçova cinayət işinin açılması mümkündür. Amma mən Azərbaycan xalqının potensialının daha səmərəli istifadəsinin tərəfdarıyam. Biz torpaqlarımızı işğaldan azad etmək üçün daha önəmli işlər görməliyik, nəinki Qorbaçov haqqında cinayət işi açılması kimi perspektivsiz bir işin dalınca düşməliyik. Biz dünyada ölkəmizlə bağlı daha vacib işlər görməliyik” - deyə R.Zeyni qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər