23/09/2020 16:15
728 x 90

Rusiya XİN-dən Azərbaycanla əməkdaşlığın “Böyük yol xəritələri” ilə bağlı xüsusi jest...

Rəsul Cahangirli: “Rusiya Azərbaycanla çoxşaxəli iqtisadi əlaqələrin qurulmasının nə qədər faydalı olmasının fərqindədir”

img

Rusiya-Azərbaycan strateji tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxmasına yönələn 5 “Yol xəritəsi” uğurla həyata keçirilir. Həmçinin, innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair əlavə “Yol xəritəsi”nin hazırlanmasına aidiyyəti qurumlar tərəfindən başlanıb.

Bu fikirlər Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub. Həmçinin, qeyd olunub ki, ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib. İkitərəfli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə bir çox cəhətdən Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin etimada söykənən açıq dialoqu kömək edib.

Bununla belə, qeyd edilib ki, 2019-cu ildə liderlər 3 dəfə görüşüblər: aprelin 26-da Pekində “Bir kəmər, bir yol” Forumu çərçivəsində, oktyabrın 3-də Valday forumunda və dekabrın 20-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2019-cu il noyabrın 20-25-də Moskvaya səfər edib. Hökumət və parlament xətləri üzrə əlaqələr fəal inkişaf edib. Federasiya Şurasının sədri Valentina Matviyenko apreldə Bakıda rəsmi səfərdə olub. O da qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir. 2019-cu ilin yanvar-oktyabr aylarında əmtəə dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəkindən 25 faiz çoxdur.

Sözügedən məlumatların Rysiya XİN-in saytında yer alması onu göstərir ki, bu ölkə Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verir. Müxtəlif birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

  • “Qarşılıqlı investisiyaların qoyulması ondan xəbər verir ki, iki ölkə arasında iqtisadi əlaqələr daha da dərinləşəcək”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Rusiyanın Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verməsi təsadüfi deyil: “Rusiya Azərbaycanla çoxşaxəli iqtisadi əlaqələrin qurulmasının nə qədər faydalı olmasının fərqindədir. Onlar görür ki, Azərbaycanla birgə həyata keçirilən layihələr perspektivlidir və hər iki ölkənin maraqlarına xidmət edir. Bu səbəbdən Rusiya maraqlıdır ki, Azərbaycanla bağlı “Yol xəritələri”nin sayı artsın. Çünki bu, iki ölkə arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə daxil olmasına müsbət təsir göstərəcək. Hazırda Azərbaycanda 950 müştərək müəssisə işləyir. Hesab edirəm ki, bu böyük rəqəmdir. Rusiya Azərbaycana 4,5 milyard dollar, Azərbaycan Rusiyaya 1,5 milyard dollar investisiya yatırıb. Qarşılıqlı investisiyaların qoyulması ondan xəbər verir ki, iki ölkə arasında iqtisadi əlaqələr daha da dərinləşəcək. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın iştirak etdiyi enerji və nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edir. Bununla belə, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı qızğın iş gedir. İnnovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair əlavə “Yol xəritəsi”nin hazırlanması da faydalı olacaq. Çünki son illər bu sahəyə xüsusi diqqət yetirilir. Bütün bunların icrası Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafına dair yeni mərhələ açıb”.

Vidadi ORDAHALLI

Son xəbərlər