Bəzi deputatlığa namizəd partiya sədrlərinin posterləri sadəcə biabırçılıqdır...

Parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində bir çox neqativlik üzə çıxır. Xüsusilə də seçkilərə qatılan bəzi partiya sədrlərinin apardıqları təbliğatın dayaz olması ilə bağlı. Deməli, bir çox partiya deputatlığa namizədlərinin sayı çox olsun deyə, onlara hər salam verənin adını partiyanın namizədi kimi göstərib. 60-70 nəfərlik siyahıya nəzər salırsan, partiya sədrindən başqa kimisə tanımırsan.
Fikir verirsən ki, həmin partiyanın yalnız sədrlərini deputat etməkdən başqa hədəfləri nəzərə çarpmır. Çünki partiya sədri deputat olanda həm də dövlətin büdcəsində onlara 5 il maliyyə ayrılacaq və həmin üzvlər əməkhaqqı alacaqlar. Yəni seçkidə iştirak edən partiyaların başlıca niyyətlərinin bundan ibarət olduğu özünü göstərir. Bu qəbildən olan partiya sədrlərinin təbliğat posterlərində parlament seçkilərinin mahiyyətinə uyğun olmayan və ən əsası da təmsil etdikləri partiyaya heç bir bağlılığı olmayan populist şüarlardan çox istifadə edilir. Yəni partiya sədri və digər namizədlərin təbliğatında partiyaya aid hər hansı şüarı görmək olmur.
- Aydın Quliyev: “Görünür, özləri də partiyalarının kölgəsinin o qədər dar olduğunu başa düşürlər ki...”
Bu mövzuya özünün “Facebook” səhifəsində “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də toxunub. Baş redaktor bildirir ki, seçkiyə qatılan bəzi partiya sədrləri öz seçki plakatlarında rəhbərlik etdikləri partiya barədə bircə kəlmə də söz yazmırlar: “Partiyanın sıravi üzvləri səviyyəsində ancaq öz təbliğatlarını aparmaq qayğısına qalırlar. Görünür, özləri də partiyalarının kölgəsinin o qədər dar olduğunu başa düşürlər ki, hətta təklikdə də ona sığınmağın mümkünsüzlüyünü anlayırlar.
Hər halda, partiyaları cəmiyyətdə ciddi sanbal sahibi olsaydl, onun adını hər addımda gözlərə soxmaq fürsətini əldən verməzdilər.
Doğrudan da fəaliyyət göstərdiyi 15, 20, 25 il, ondan da artıq müddət ərzində yalnız öz sədrinə əyri-üyrü yollarla bir mandat qazandırmaqdan başqa nailiyyəti olmayan siyasi partiyanın hansı kölgəsi ola bilər ki?!”
- Raqif Məhəmmədoğlu: “Belə mənzərənin yaranması partiyaların zəif institut olması və seçkilərdə böyük hədəflərə doğru hərəkət etməməsi ilə bağlıdır”
Seçki piarı mütəxəssisi Raqif Məhəmmədoğlu qəzetimizə bildirdi ki, bunun başlıca səbəbi namizədlərin seçkiyə ciddi hazırlaşmaması ilə bağlıdır: “Xüsusilə də partiya sədrləri imicmeykerlərdən ibarət qrupla işləməlidirlər. Burada partiya sədrlərinin bütün davranışları, necə foto çəkdirməsi, hansı jestikalardan istifadə etməsi də məsləhətli şəkildə edilməlidir. Əsasən də təbliğat posterlərinə fikir verdikdə orada qrafik dizayn işindən çox sadə fotoqraf işi nəzərə çarpır. Adam gedir studiyada bir foto çəkdirir, orada da fotoqrafa ağlına gələn bir şüarı deyir ki, bunu yazın. Halbuki, həmin şüar partiyada müzakirə edilib, səs çoxluğu ilə qəbul olunmalıdır. Belə mənzərənin yaranması partiyaların zəif institut olması və seçkilərdə böyük hədəflərə doğru hərəkət etməməsi ilə bağlıdır. Təbliğat posterlərində hətta çoxlu sayda hərf səhvlərinə də rast gəlinir. Partiya barədə tanıtım şüarının olmaması ortada kollektiv işin yoxluğunu şərtləndirir. Deməli, həmin qurumda avtoritarizm mühiti hökm sürür. Bunun bir səbəbi də proporsional seçki sisteminin olmamasıdır. Həmin seçki sistemi olanda seçicilər fərdlərə yox, partiyaya səs verirlər. Onda partiyanın təbliğatına daha böyük önəm vermək tələb edilir”.
Məhəmmədəli QƏRİBLİ