20/02/2020 22:55
728 x 90

Ermənilərin daha bir uydurma “genosid böhtanı” – türklər Bakıda 1918-ci ildə 23 min erməni öldürüb?...

Faiq Ələkbərli: “...o dövrdə Antantanın başa çəkdiyi Böyük Britaniya və digər dövlətlər bunu mütləq araşdırardılar”

img

Uzun illərdir ermənilər “soyqırıma”, “kütləvi qırğınlara” məruz qaldıqları barədə cəfəng iddialar meydana atırlar. 1915-ci ildə guya “ermənilərə qarşı soyqırım baş verdiyini”, “türklərin erməniləri kütləvi şəkildə qətlə yetirməsi” iddialarının ardından ermənilər indi də tamamilə yeni bir iftira ilə gündəmə gəlməyə cəhd göstərirlər. Qondarma “erməni soyqırımı”nı təbliğ etməklə əllərinə bir şey keçməyən ermənilər indi də tarixdə baş verməyən digər bir olay uydurmaqdadırlar.

Erməni mediası iddia edir ki, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakıya daxil olarkən burada “ermənilərə divan tutub” və “türklər tərəfindən 23 min nəfər erməni qətlə yetirilib”. Saxtakarlıqlarda tayları olmayan ermənilərin uydurmasına görə, guya bu “qətliam”ı təsdiq edən “sənədlər” Almaniyanın Xarici İşlər Nazirliyinin arxivində saxlanılır. “Əlimizdə böyük sübutlar var” deyən ermənilər bu yalan məlumatları yaymaqla özlərinin türklərə qarşı törətdikləri qətliamların, soyqırım və kütləvi qırğınların izini itirmək istəyirlər. 1918-ci ildə Bakıda və Azərbaycanın digər şəhərlərində, bölgələrində Azərbaycan türklərinə, eləcə də qeyri-ermənilərə qarşı soyqırımlar, kütləvi qırğınlar törədənlər ermənilər olub. Rus şovinistləri ilə birləşən daşnak qüvvələri Bakıda azərbaycanlılara, müsəlmanlara qarşı amansız qırğınlar törədiblər. Bu qırğınları təsdiq edən sənədləri, fotoları, məhkəmə sənədlərini, şahid ifadələrini, eləcə də digər materialları görmək üçün nə Almaniyaya, nə də başqa xarici ölkəyə getmək lazımdır, həmin sənədlər Azərbaycan arxivlərində mühafizə olunur, hətta çox bir hissəsi də nəşr edilərək ictimaiyyətə çatdırılıb.

Nuru Paşanın rəhbərliyi ilə Bakının harayına yetən Qafqaz İslam Ordusu daşnaklara qarşı mübarizə aparıb, ordu heç zaman dinc erməni əhalisinə “gözün üstə qaşın var” deməyib.

  • “Bakıda 23 min erməninin öldürülməsi” iddiası kökündən yanlışdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, 1918-ci ildə guya 23 min nəfər erməni öldürülməsi növbəti erməni yalanıdır. “1918-ci ildə Qafqaz İslam Ordusu Bakıya daxil olana qədər Bakı Xalq Komissarları Sovetinin tərkibində olan erməni-rus birləşmələri Bakıda, eləcə də Bakıətrafı kəndlərdə, o cümlədən də bölgələrdə kütləvi qırğınlar törədiblər. O dövrdə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, ən azından, 12 min nəfər türk-müsəlman əhalisi rus-erməni birləşmələri tərəfindən məhv edilib. Şübhəsiz ki, ermənilər yalnız qətllə kifayətlənməyib, türk-müsəlman əhaliyə qarşı insanlığa sığmayan başqa cinayətlər də törətmişdilər. Hamilə qadınların, uşaq və yaşlı insanların amansızcasına qətlə yetirilməsi Qafqaz İslam Ordusu Bakıya gələnəcən baş vermişdi. Bütün türk-müsəlman əhalisi bunun şahidi olmuşdu. Qafqaz İslam Ordusu Bakını rus-erməni birləşmələrindən azad etdikdən sonra dinc ermənilərə deyil, Bakıda türk-müsəlmanlara qarşı amansız qətllər, qırğınlar törədən əlisilahlı daşnak hərbi birləşmələrin məhv edilməsi prosesini həyata keçirmişdi. Bu baş verib, amma bu, dinc əhaliyə qarşı edilməyib. Qafqaz İslam Ordusunun milliyyətindən, dinindən asılı olmayaraq, dinc əhaliyə qarşı hər hansı bir zor tətbiq etməsinə dair məlumatlar yoxdur. Qafqaz İslam Ordusu tərəfindən “Bakıda 23 min erməninin öldürülməsi” iddiası kökündən yanlışdır. Belə olsaydı, onda gərək Bakıda erməni qalmazdı. Çünki həmin dövrdə Bakıda 20-30 mindən artıq erməni yaşamırdı. Yaxşı, onların hamısı Qafqaz İslam Ordusunun gəlişindən sonra öldürülmüşdüsə, sonrakı dövrdə Bakıda yaşayan ermənilər bura haradan gəldilər?”

F.Ələkbərli hesab edir ki, “Bakıda ermənilərin öldürülməsi” ilə bağlı iddianı təsdiqləyən hər hansı bir sənəd nəinki Almaniyada, hətta dünyanın heç bir ölkəsində yoxdur. “Bu qırğın baş verməyib ki, onunla bağlı hansısa bir sənəd də olsun. Qafqaz İslam Ordusu tərəfindən Bakıda 23 min erməni qətlə yetirilsəydi, o dövrdə Antantanın başa çəkdiyi Böyük Britaniya və digər dövlətlər bunu mütləq araşdırardılar. Eyni zamanda da 1918-ci ildə Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikası bunu gündəmə gətirərdi ki, “Qafqaz İslam Ordusu bu sayda erməni qırıb”. Amma, faktiki olaraq, ermənilər o dövrdə bu məsələni qaldırmayıblar. Hətta 1920-ci il 27 aprel işğalından sonra da Sovet Ermənistanı tərəfindən də bu “qırğın”la bağlı məsələ səsləndirilməyib. Necə oldu ki, indi ermənilər özlərindən yeni “qırğın” kəşf etdilər? Bu, növbəti erməni yalanıdır və buna heç vaxt dünya ictimaiyyəti inanmaz” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər