24/02/2020 12:52
728 x 90

ABŞ-Çin ticarət müharibəsi kiçik sülh sazişi ilə bitdi – Azərbaycana nə dəxli...

Rəşad Həsənov: “Bunun Azərbaycan iqtisadiyyatına birbaşa yox, dolayı təsiri mümkündür”

img

Məlum olduğu kimi, ABŞ və Çin arasında ticarət sazişinin 1-ci mərhələsinə dair sənəd imzalanıb. Çinlə ABŞ arasında imzalanmış iqtisadi və ticarət sazişinin birinci mərhələsindən təkcə bu iki ölkə deyil, bütün dünya faydalanacaq. Bu sözləri Çin Dövlət Şurası sədrinin (Baş nazir) müavini Liu Xı Vaşinqtonda sənədin imzalaması mərasimində deyib.

İki ilə yaxın müddətdə Birləşmiş Ştatlarla ticarət danışıqlarında Çin tərəfinə rəhbərlik edən Liu Xı deyib ki, dünyanın ən böyük iki iqtisadiyyatına malik olan ABŞ və Çin fərqlilikləri doğru qiymətləndirərək, ticarət sazişinin birinci mərhələsinin imzalanmasına nail olublar. O, sənədin hər hansı üçüncü tərəfə qarşı yönəlmədiyini və Dünya Ticarət Təşkilatının qaydalarına uyğun olduğunu deyib. Sazişin birinci mərhələsində əks olunan məsələlər barədə danışan Çin rəsmisi bazar tələbatının güclü olacağı təqdirdə ölkəsinin ABŞ-dan ildə 40 milyard dollarlıq əlavə məhsul alacağını deyib.

Bununla belə, Çin mənbələri kənd təsərrüfatı, müəllif hüquqlarının qorunması, valyuta mübadiləsi məzənnəsi, maliyyə xidmətləri, ticarət əməkdaşlığının genişləndirilməsi, texnoloji mübadilə sahələrində razılaşma əldə olunduğunu yazıblar.

Onu da qeyd edək ki, Pekinlə Vaşinqton arasında ticarət müharibəsi 2018-ci ilin baharında başlayıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən, Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. Bundan sonra tərəflər bir neçə dəfə qarşılıqlı olaraq idxal rüsumlarını artırıblar. Dünyanın ən böyük iki iqtisadiyyatına malik dövlətlər arasında bu ticarət mübahisələri ümumi iqtisadi artıma mənfi təsir göstərib.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, ABŞ-la Çin arasında imzalanan sözügedən razılaşmanın Azərbaycana nə kimi təsirləri olacaq?

“Neft məhsullarına tələbat arta bilər”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bunun Azərbaycan iqtisadiyyatına birbaşa yox, dolayı təsiri mümkündür: “Çünki dünya iqtisadiyyatının inkişafı qarşısında mühüm maneələrdən biri ticarət savaşlarıdır. Beynəlxalq maliyyə təşkilatları bundan çox narahat idi. Birinci mərhələdə sazişin imzalanması onu göstərir ki, artıq bu istiqamətdə müsbətə doğru dinamika var. Ehtimal edilir ki, qeyd edilən problemdən qaynaqlanan qlobal iqtisadi artım tempinin zəifləməsi növbəti dövrlərdə məhdudlaşacaq. Bu da ümumi inkişafa öz pozitiv təsirini göstərməklə dünya bazarlarında istehlak qabiliyyətini dəstəkləyəcək. Nəticədə neft məhsullarına tələbat arta bilər. Nəzərə almaq lazımdır ki, son bir neçə ayda neftlə bağlı proqnozlar çox pessimist idi. ABŞ və Çin arasında imzalanan saziş isə neft qiymətlərini daha pozitiv istiqamətdə dəyişəcək. Ən azından, qiymət büdcədə neftin nəzərdə tutulan qiymətindən yüksək olacaq. Bu da dolayısı ilə Azərbaycan iqtisadiyyatına, adambaşına düşən ÜDM-in, tədiyyə balansının artmasına müsbət təsir edəcək. Xarici ticarətdə müsbət saldo yaradacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər