24/02/2020 12:06
728 x 90

Prezidentin müşavirə tapşırıqlarından sonra Əli Əsədov dərhal işə keçdi... Tədbirlərin səmərəlilik gücünü ekspertlər necə görür...

Fuad İbrahimov: “Tədbirlər Planında nəzərdə tutulan məsələlər çox önəmlidir”

img

"Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı" təsdiq edilib. Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

Nazirlər Kabinetinin rəsmi saytında sözügedən Tədbirlər Planının nədən ibarət olduğu ətraflı qeyd olunub. Belə ki, burada bir sıra tədbirlərin görülməsindən söhbət gedir. Məsələn, Maliyyə Nazirliyi mart ayına qədər büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təkliflərini təqdim etməlidir. Digər tərəfdən, xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa, qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflər təqdim edilməlidir. Bu iş Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyinə həvalə edilib. Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilin sonuna qədər bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlər görməlidirlər. 

Göründüyü kimi, sözügedən sənəddə çox mühüm tədbirlərin görülməsindən söhbət gedir. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Sözügedən tədbirlərin görülməsini nə dərəcədə əsaslı hesab edirlər?

  • “Bu o deməkdir ki, artıq bu ildən görülən işlərin nə dərəcədə ciddi yerinə yetirilməsi ilə bağlı hesabatlar tələb olunacaq”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Tədbirlər Planında nəzərdə tutulan məsələlər çöx önəmlidir: “Ona görə də müvafiq qurumlara tapşırıldı ki, bununla bağlı təkliflərini hazırlasınlar. Bütövlükdə, ilin yekunu ilə bağlı müşavirə əvvəlkilərdən çox fərqli oldu. Əsasən iqtisadi və sosial sferaya aid olan dövlət orqanlarının iştirakı təmin edildi. Bu o deməkdir ki, artıq bu ildən görülən işlərin nə dərəcədə ciddi yerinə yetirilməsi ilə bağlı hesabatlar tələb olunacaq. Ölkə rəhbəri tərəfindən də konkret olaraq bütün bunlarla bağlı göstəriş verildi. Artıq bundan sonra istənilən layihənin, tədbirin təhlili aparılacaq. Yəni nə dərəcədə görülən işlər keyfiyyətli icra edilib. Təsadüfi deyil ki, büdcə xərclərinin necə xərclənməsi ilə bağlı konkret hesabat tələb olunur. Maliyyə Nazirliyinə büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. Bu o deməkdir ki, bundan sonra, heç bir halda, risqli, itkilərlə üzləşəcək yarımçıq layihələr olmamalıdır. Fors-major vəziyyətlər istisna olunmaqla, icra mexanizmində buraxılan səhvlər təkrarlanmamalıdır. Digər bir tərəfdən, həmin sənəddə bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması kimi məsələ öz əksini tapıb. Hesab edirəm ki, bu da çox önəmlidir. Çünki bu sahədə ciddi problemlər var. Ona görə də hesab edirəm ki, Tədbirlər Planında nəzərdə tutulan məsələlər çox önəmlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər