25/02/2020 03:19
728 x 90

Paşinyan Sarkisyanın konstitusiyasını yenidən ləğv edir - Nikol prezident adı daşımaq istəyir

img

İnqilab nəticəsində hakimiyyətə gələn Paşinyan indi də ölkənin konstitusiyanı dəyişib, yenidən prezident idarəçiliyinə qayıtmağa çalışır. Erməni mediasının yazdığına görə, artıq Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə konstitusiya mətnini dəyişəcək komissiya da formalaşmaq üzrədir. Dəyişiklik ölkəni 2015-ci ilə qədər olduğu kimi, prezident respublikasına çevirəcək.

Paralel olaraq, ölkənin könüllü olaraq istefa verməkdən imtina edən Konstitusiya Məhkəməsinin hakimlərini dəyişmək də Paşinyan hökumətinin planlarından biridir. Bir sıra təhlilçilər hesab edirlər ki, Paşinyan bununla daxili auditoriyanın başını qatmaq istəyir. Çünki xalqa vəd verib, inqilab edəndən sonra heç bir yenilik edə bilmədi. Əksinə, vəziyyət daha da gərginləşib. Paşinyan bu gedişi ilə sübut etməyə çalışır ki, ona işləri yaxşı səviyyədə görməyə həm də səlahiyyət azlığı mane olur. Xalqın gözündən pərdə asmağa çalışır ki, guya prezident olsa, problemləri daha asan həll edə bilər. Paşinyanın bu niyyəti barədə ekspertlər nə düşünürlər?

  • Hatəm Cabbarlı: “Hesab edirəm ki, Paşinyan özünə əlavə problemlərin yaranmasını istəməz”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə mövzular təsadüfən gündəmə çıxmır: “Xüsusilə də Ermənistanın indiki rəhbərliyinə yaxın media nümunələrinin bu mövzunu gündəmdə saxlaması proseslərin davamının gələcəyinə işarədir. Həmin informasiyalarda qeyd edilir ki, N.Paşinyan ölkənin konstitusiyasının dəyişməsində israrlıdır. Bunun da nəticəsində o, prezident üsul-idarəsini qaytarmaq istəyir. Hazırda isə Ermənistanda parlament üsul-idarəsidir. Bu dəyişiklik yalnız referendum yolu ilə baş tuta bilər. Hazırlıq da məhz referendumun keçirilməsinə doğru gedir. Ancaq bunu məhz Paşinyanın tələsik edəcəyi də mənə inandırıcı gəlmir. Çünki indiki prezident 2018-ci ildə seçilib və onun səlahiyyət müddəti 2023-cü ildə bitir. Faktiki olaraq, hakimiyyətin idarə olunmasında Paşinyana mane olmayan prezidentin tezliklə dəyişməsi xəbərlərinin həm də ictimai rəyi çaşdırmaq məqsədilə ortaya atıldığı nəzərə çarpır. Baş nazir kimi o, hakimiyyət mütləqiyyətini əlində cəmləyib. Paşinyan hakimiyyətə gəlmədən əvvəl də prezident üsul-idarəçiliyini tənqid edirdi. Hələlik Ermənistanın daxilindəki bugünkü şərtlər daxilində bu addımı atmaq heç də mümkün görünmür. Çünki ölkənin üsul-idarəçiliyini dəyişmək üçün əldə ciddi arqument yoxdur. Təbii ki, mənimlə bu mövzuda opponentlik edənlər də tapılacaq. Hesab edirəm ki, Paşinyan özünə əlavə problemlərin yaranmasını istəməz. Çünki yenilik ona ciddi səlahiyyət verməyəcək, indikindən fərqlənmək anlamında. Düşünürəm ki, belə fikri olcaqsa belə, bunu önümüzdəki illərdə edə bilər. Buna ən doğru cavabı isə zaman verəcək. Ermənistanın daxilindəki rəydə belə, köhnə idarəçiliyin qayıtmasını istəmirlər. Çünki bu, “Qarabağ klanı”nın dirilişi kimi də assosiasiya oluna bilər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər