24/02/2020 12:30
728 x 90

Ermənistanlı nazir Qarabağ üzrə dövlət başçılarının görüşündən açıq şəkildə qaçır...

Elman Nəsirov: “Çünki Paşinyan hakimiyyəti Qarabağ danışıqları ilə bağlı status-kvonun dəyişməsində maraqlı deyil”

img

“Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar görüşü hələlik planlaşdırılmır”. Bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

O qeyd edib ki, bu barədə danışmaq hələ tezdir. Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün tarixi ilə bağlı suala gəldikdə isə Mnatsakanyan cavab verib ki, uyğun zaman tərəflər bu barədə məlumat verəcəklər.

Z.Mnatsakanyan onu da qeyd edib ki, son 25 ildə ATƏT-in Minsk Qrupu çərçivəsində müxtəlif yanaşmalar və ideyalar formalaşdırılıb. Mnatsakanyan bu müstəvini daha effektiv hesab etdiklərini bildirib: “Bütün bunlar bizim üçün mühüm və prinsipialdır. Danışıqlar prosesi 25 ildir ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam edir və bu, ən təsirli və beynəlxalq səviyyədə tanınan formatdır”.

Ən nəhayət, Mnatsakanyan həyasızcasına onu da qeyd edib ki, guya Ermənistan danışıqlar masasından yayınmağa cəhd göstərmir. Belə olsaydı, o zaman Ermənistan dövlət başçıları səviyyəsində görüş keçirilməsində maraqlı olardı. Hansı ki, Prezident İlham Əliyev hər vaxt görüşə hazır olduğunu deyir.

Maraqlıdır, Ermənistan yüksək səviyyədə görüşdən niyə yayınır? Niyə erməni rəsmiləri yüksək səviyyədə görüşün keçirilməsinə hazır olduqlarını demirlər?

  • “Belə olsa, o zaman yüksək səviyyəli danışıqlar real nəticəyə gətirib çıxara bilər”

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, bir neçə səbəbdən Ermənistan yüksək səviyyəli görüşün keçirilməsində maraqlı deyil: “Məsələ ondadır ki, Ermənistan konstruktiv danışıqlarda maraqlı deyil. Çünki belə olsa, o zaman yüksək səviyyəli danışıqlar real nəticəyə gətirib çıxara bilər. Bunda da Ermənistan maraqlı deyil. Bu səbəbdən Paşinyan ara-sıra elə qəbuledilməz açıqlamalarla çıxış edir ki, bunları heç cür qəbul etmək olmaz. Paşinyan məhz danışıqlar baş tutmasın deyə, belə açıqlamalarla çıxış edir. Gah deyir ki, separatçı qurum danışıqlarda iştirak etməlidir, gah da deyir “Qarabağ Ermənistandır və nöqtə”. Hətta “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətdi. Bu günlərdə onu da dedi ki, guya Azərbaycanda ermənifobiya siyasəti günü-gündən güclənməkdədir. Bütün bu sərsəm bəyanatların məqsədi odur ki, yüksək səviyyəli danışıqlar baş tutmasın. Çünki Paşinyan hakimiyyəti Qarabağ danışıqları ilə bağlı status-kvonun dəyişməsində maraqlı deyil. Başqa bir tərəfdən, hardasa 3 aydan sonra Paşinyanın hakimiyyətə gəlməsinin 2 ili tamam olacaq. Erməni mətbuatı yazır ki, Paşinyanın reytinqi xeyli aşağı düşüb. Hətta belə fikirlər səslənir ki, guya ABŞ Paşinyanın yerinə yeni adam axtarır. Gedişat onu göstərir ki, Paşinyan hakimiyyətindən çox narahatdır. Bütün bunlar onu göstərir ki, Paşinyanın ölkə daxilində sosial bazası getdikcə daha da azalır. Belə olan halda, Paşinyan Qarabağla bağlı sərt açıqlamalar verməklə istəyir ki, reytinqini süni surətdə artırsın. Belə ritorik bəyanatlarla istəyir tərəfdarlarının sayını artırsın. Bütün bunlara baxmayaraq, Azərbaycan güclənməkdədir. Azərbaycanla Ermənistan arasında müqayisəyəgəlməz dərəcədə fərq var. Bütün parametrlər üzrə Azərbaycan Ermənistanı üstələyir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər