24/02/2020 12:49
728 x 90

Avroparlamentin məcburi icra gücünə malik yeni “Qarabağ sənədi” büsbütün Ermənistana aiddir…

img

Yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnamə qəbul edilib. Sənədin 36-cı maddəsində “Şərq Tərəfdaşlığı”nın bütün ölkələrinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dəstəklənməsi göstərilir.

Qeyd etmək vacibdir ki, beynəlxalq hüququn əsas elementlərinə ümumi yanaşmaya əsaslanan belə bir hüquqi tərif Azərbaycanın maraqlarına tam cavab verir.

Diqqətçəkən digər mühüm məqam odur ki, qətnamənin əsas məzmunu Moskvanın bilavasitə iştirakı ilə baş verən münaqişələrə aid olan anti-Rusiya hissəsindən ayrılıb. Bu, qətnamənin əhəmiyyətini qiymətləndirmək üçün sənədin həm siyasi, həm də hüquqi ağırlığının əsas göstəricilərindən biridir.

Göründüyü kimi, “Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı getdikcə güclənən müzakirələr fonunda, Avropa Birliyinin yeni seçilmiş qurumlarının mövqeyində aşkar bir dinamika var. Bu müzakirədə son dərəcə ifadəli məqam Prezident İlham Əliyev tərəfindən qoyulub. Qətnamənin yekun mətninin hazırlanmasında, müzakirəsində və səsverməsində Avropa Parlamentinin deputatları bu məsələni diqqətdə saxlayıblar. Sənəd bir daha inandırıcı şəkildə göstərdi ki, “Şərq Tərəfdaşlığı” üçün ortaq məxrəc iştirakçı ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür.

Qəbul edilən sənədin əhəmiyyətini “Bakı-Xəbər” üçün şərh edən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyevanın sözlərinə görə, qətnamə səsvermədə iştirak edən 704 deputatdan 454-nün lehinə səs verməsi ilə qəbul olunub: “Qətnamə yeni redaksiyada qəbul edilib. Dekabr ayında sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilib. Qətnamənin qaralama versiyası fərqli məzmunda olsa da, keçən il dekabr ayında  Azərbaycan da daxil üzv ölkələrin bir neçəsinin təkidilə əlavələr edildi və qətnamə ilkin versiyadan mühüm məqamlara görə fərqlənən bir versiyada qəbul olundu. Sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi və münaqişədən əziyyət çəkən ölkələrin vətəndaşları olan qaçqın və məcburu köçkünlərə dəstəklə bağlı mühüm bir maddə də əlavə edildi.

Bu qətnaməni Azərbaycan üçün əhəmiyyətli edən bir neçə məqam var, ilk öncə budur ki, AP bu qətnamə ilə Avropa İttifaqının bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq edir.

Onu qeyd edim ki, bu əlavələrın, həmçinin, Azərbaycan üçün işğal olunmuş ərazilərə səfərlər edən AP və digər Avropa qurumları rəsmilərinə və deputatlara qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar və viza qadağası tətbiq edilməsinə hüquqi əsasın işlənməsi üçün hüquqi baza rolunu oynayır.

Həmin maddə, həmçinin, “münaqişədən ziyan çəkən ölkələrin vətəndaşlarına – qaçqın və məcburi köçkünlərə dəstəyin” gücləndirilməsi haqqında fəaliyyətin qurulmasının əhəmiyyəti vurğulanır.

Ərazi bütövlüyü pozulmuş və cəlb olunduğu münaqişədə bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan bu qətnamənin qəbulu ilə bu istiqamətdə bir neçə mexanizm əldə edir.

Çox da detala varmadan onu qeyd edim ki, qətnamənin qəbul olunması ilə Azərbaycan “Ermənistanın Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalçısı qismində anti-Azərbaycan və işğalyönümlü sənəd və müzakirələr”in təşviqinin qarşısını almaq mexanizmləri əldə edir.

Həmçinin, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş məcburi köçkünlərin problemlərinin həllində yeni mexanizmlər əldə edir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər