07/07/2020 16:03
728 x 90

ABŞ Azərbaycanı və qonşuları İranın kiberhücum təhlükəsində qoyub, lakin heç bir texniki kömək təklif etmir…

img

ABŞ adından region ölkələri İrandan qaynaqlana biləcək növbəti təhlükə ilə bağlı xəbərdar edilir. Vaşinqtondakı kibertəhlükəsizlik ekspertləri İranın növbəti addımının dağıdıcı kiberhücumdan ibarət ola biləcəyini qeyd edirlər.

Xüsusilə də bildirilir ki, ABŞ-ın və ya onun regiondakı müttəfiqlərinin infrastrukturuna hücum ola bilər. ABŞ dövlət katibinin köməkçisinin kibernetika və informasiya siyasəti üzrə müavini Robert Streyer bildirib ki, hakimiyyət İrandan gələn potensial təhlükələrlə əlaqədar ayıq olmağa çağırır. O bu təhdidlərin xarakterini açıqlamayıb.

Tehranın yaxın qonşuları, o cümlədən, Azərbaycanın energetika infrastrukturu və ya digər sənaye nəzarəti sistemləri üçün hər hansı təhlükə təşkil edib-etmədiyi haqda suala cavabında Streyer deyib ki, ABŞ İrandan gələn təhdidlərlə bağlı narahatlıqlarını və məlumatları öz tərəfdaşları ilə bölüşüb.

Belə nəticəyə gəlmək olar ki, ABŞ-ın xəbərdarlıq etdiyi ölkələr sırasına Azərbaycan da düşür. Hər halda, İranın qonşu və normal münasibətlərə malik olan ölkə kimi,  bizi ABŞ-ın xəbərdar etdiyi kiberhücumların əhatə dairəsinə salacağı inandırıcı görünmür. Çünki Azərbaycan ABŞ-la müttəfiq münasibətlərinə baxmayaraq, heç vaxt öz ərazisində İranla bağlı fəaliyyətə icazə verməyib. Ehtimal edək ki, ABŞ-ın bizi xəbərdar etdiyi proses baş verdi. Bunun təsadüfən və ya hansısa texniki səhvin ucbatından baş tuta biləcəyi ehtimalı da istisna olunmur. Ukrayna təyyarəsinin səhvən vurulmasını buna misal göstərə bilərik. Hər halda, İran belə bir hadisənin yaşanmasını istəməzdi. Aydındır ki, Azərbaycanın kibertəhlükəsizliklə bağlı kifayət qədər sanballı qurumları və mütəxəssisləri var və istənilən hücumun qarşısını ala bilər. Ancaq birdən bu hücumun miqyası çox böyük oldu. Hər halda, ABŞ-ın bəyanatında bununla bağlı notlara rast gəlinmir. Yəni belə olan təqdirdə, ABŞ-ın bizə və digər müttəfiq region ölkələrinə hansı formada texniki köməklik göstərəcəyinə vurğu edilmir. Ancaq belə yardımın olacağı indidən ABŞ tərəfindən bəyan olunmalıdır. Çünki anons edilən hadisə ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda baş verə bilərsə, bunun təqsirkarı region ölkələri sayılmır. Bu sahədə böyük təcrübəyə və digər imkanlara malik olan ABŞ öz müttəfiqlərini yalnız İrandan qaynaqlana biləcək kibertəhlükəsizliklə bağlı məlumatlandırıb qorxutmalı deyil, həm də yardım əlini uzadacağını bəyan etməlidir. Çünki müttəfiqlik münasibətləri bunu tələb edir. Hər halda, biz belə bir hücumla üz-üzə qalmarıq. Çünki sözügedən iki ölkə arasında baş verən qarşıdurmada Azərbaycan daim öz neytrallığını qoruyub.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər