28/09/2020 11:47
728 x 90

Deputatlığa namizədlərin bir çoxunun pul qazanmaq planı var – MSK namizədlərə pul vermir, bəs haradan...

Məhərrəm Zülfüqarlı: “Artıq MSK namizədlərin seçki kampaniyasına maliyyə vəsaiti ayırmır”

img

Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin sayı 1000-ni çoxdan ötüb. Vətəndaşların kütləvi olaraq maraq göstərdiyi və qatıldığı parlament seçkilərində hansı namizədin deputat kürsüsündə oturacağı hələ məlum deyil.

Məlum olan odur ki, insanlar deputat olmaq iddiasını ortaya qoyurlar. Parlament seçkilərinə qatılan bəzi şəxslərin, əslində, məqsədi heç də deputat olmaq deyil, onların prosesdə iştirak etməkdə pul qazanmaq niyyəti güddükləri deyilir. Hətta bir sıra namizədlər “MSK-dan seçki kampaniyası üçün ayrılan pulu alıb xərcləyəcəyəm, deputatlıq nəyimə lazımdır”, bəziləri isə “özümdən güclü namizədlə bazarlıq edib pulumu götürüb meydandan çıxacağam” deyirlər.

Onu da vurğulayaq ki, artıq sosial şəbəkələrdə bəzi deputatlığa namizədlər namizədliklərini rəqiblərinin xeyrinə geri götürdüklərini bəyan edirlər. Onlar arasında sosial şəbəkələrdə zaman-zaman deputatlıq iddiasını ortaya qoyanlar da var.

MSK deputatlığa namizədlərin seçki kampaniyası üçün vəsait ayırırmı?

  • “Elə namizədlər var ki, onlar namizədliklərini dairədəki daha şanslı, güclü namizədlə bazarlığa getmək, pul qazanmaq üçün veriblər”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, MSK deputatlığa namizədlərə, ümumiyyətlə, vəsait ayırmır, onlar seçki kampaniyalarını öz vəsaitləri hesabına aparmalıdırlar: “Olduqca maraqlı və vacib bir məsələni gündəmə gətirmisiniz. 2005-ci ildə MSK parlament seçkilərində iştirak edən namizədlərin seçki kampaniyası üçün vəsait ayırırdı. O zaman elə dairə vardı ki, orada 28-30, daha artıq namizəd vardı. 2005-ci ildə parlament seçkilərində iştirak edən namizədlər arasında elələri vardı ki, onlar MSK-nın ayırdığı pulu əldə etmək üçün namizədliklərini irəli sürürdülər. Bu faktlar vardı. Artıq MSK namizədlərin seçki kampaniyasına maliyyə vəsaiti ayırmır. Azərbaycanda daha seçki kampaniyasını hər bir namizəd özü aparır. Beynəlxalq təcrübəyə görə, seçkilərdə namizəd kimi iştirak edən adamın üç resursu olmalıdır. Maliyyə, insan resursu və s. olmayan namizədin qələbə çalmaq şansı yoxdur”.

M.Zülfüqarlı qeyd etdi ki, hazırda seçkilərdə iştirak edən bir sıra namizədlər MSK-dan pul almaq üçün deyil, başqa yolla pul qazanmaq üçün prosesə qatılıblar. “Çox təəssüf, bir sıra insanlar namizədliklərini ona görə verirlər ki, pul qazansınlar. Elə namizədlər var ki, onlar namizədliklərini dairədəki daha şanslı, güclü namizədlə bazarlığa getmək, pul qazanmaq üçün veriblər. Bəziləri namizədliyini ona görə veriblər ki, daha güclü rəqiblə bazarlığa girib namizədliyini onun xeyrinə geri götürsünlər. Belələri az deyil” - deyə M.Zülfüqarlı vurğuladı.

İradə SARIYEVA 

Son xəbərlər