27/01/2020 23:30
728 x 90

İngiltərə kral ailəsində nələr baş verir - sirlər açılır, 44-cü ildə Hitlerlə gizli əlaqə quran şahzadədən Dianaya qədər, oradan isə…

img

Son yüz ildə İngiltərə kral ailəsinin həyatında çox şeylər dəyişib. Əsrlərlə insanlar üçün gizli qalan sirlər, sülalə gizlinləri üzə çıxmağa başlayıb. Bir zamanlar əyanların, qulluqçuların, kral sarayına yaxın olan adamların pıçıltı və eyhamla danışdıqları məsələlərin bu gün “sirr pərdəsi” yırtılıb və indi ondan bütün dünya danışır.

Kral ailəsində elə hadisələr baş verib ki, onlar arasında xəyanətdən tutmuş, satqınlığa, cinsi istismara qədər bir sıra mənfiliklər var. Hətta bəzi mənbələrdə qeyd edilir ki, İngiltərə kral ailəsinin üzvlərindən biri II Dünya Müharibəsi illərində Hitlerə satılıb və 1944-cü ildə isə o, təyyarə qəzasında öldürülüb.

1952-ci ilin 12 fevral tarixindən İngiltərə kraliçası olan II Yelizavetanın ailəsində xoşagəlməz hadisələr baş verir. Cəmiyyətdə, eləcə də KİV-də daim dedi-qodu mövzusu olan İngiltərə kral ailəsi yenidən gündəmə gəlib. Bu dəfə şahzadə Harri və onun həyat yoldaşının verdiyi qərar kral ailəsini yenidən dilə-dişə salıb. Belə ki, Sasseks hersoqu, şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki yüksək vəzifələrindən imtina etdikləri, iqtisadi cəhətdən müstəqil olmaq üçün çalışacaqlarını açıqlayıblar.

Harri və Meqan “İnstagram” hesablarından vaxtlarının çoxunu Britaniya ilə Amerika arasında keçirəcəklərini qeyd ediblər. Onlar Britaniya və Amerikada yaşasalar da, Kraliça və İngilis Millətlər Birliyi qarşısında, həmçinin, himayə etdikləri yerlər üzərindəki öhdəliklərini də yerinə yetirəcəklərini vurğulayıblar.

Harri və Meqan gələcəkdə xeyriyyə cəmiyyəti yaratmağı planlaşdırdıqlarını bildiriblər. Onların konkret olaraq hansı vəzifələrdən imtina etdikləri hələ ki, məlum deyil.

İngiltərə kral ailəsində baş verənləri illərdir izləyən tarixçi və müşahidəçilər hesab edirlər ki, şahzadə Harri və Meqanı bu addımı atmağa vadar edən heç də onların “müstəqil” yaşamaq istəyi deyil. Burada olduqca incə bir məsələ olduğunu vurğulayan müşahidəçilər hesab edirlər ki, evli cütlüklərin belə bir qərar verməsinin əsas səbəbi kral ailəsində baş verən anlaşılmazlıqdır. O da bildirilir ki, Meqan Marklın kral ailəsinə gəlin gəlməsi ailədə böyük narazılıqlar, fikir ayrılıqları, hətta şahzadə Harri ilə qardaşı arasında ciddi uçurum yaradıb. Dünya mediasında kral ailəsində qardaşlar arasında problem yaşandığı barədə çox yazılıb. Hətta şahzadə Harri qardaşı ilə əlaqəni kəsdiyini deyib. Buna əsasən də uzun müddət ingilis mediası Meqan Marklın kral ailəsinə gəlməsi ilə Harri və Uilyam qardaşları arasındakı əlaqələrin kəsildiyini iddia edib. Məlumatlarda bildirilir ki, şahzadələr tez-tez mübahisə edirlər. Kompromis ümidsizdir və yalnız istisna hallarda ünsiyyət qururlar.

Əvvəllər Bukingem Sarayı mətbuatın iddialarını uydurma adlandırsa da, son zamanlar bunu etmək mümkün olmayıb. Sakses hersoqu özü də bu problemlərin mövcudluğunu inkar etmirdi: “Ailəmiz davamlı təzyiq altındadır, belə şəraitdə münaqişələr qaçılmazdır. Ancaq biz qardaşıq və həmişə də olacağıq. Artıq yollarımız bir-birindən ayrıldı, amma lazım gəlsə, həmişə onun yanında olacağam və o da mənim üçün eyni şeyi edəcək.

Bəli, məşğul olduğumuz üçün bir-birimizi daha az görürük, amma mən onu çox istəyirəm, mətbuat isə bizim münasibətlərimizi çox şişirdir. Qardaşıq, yaxşı və pis vaxtlarımız var” - deyə şahzadə Harri bildirirdi. Şahzadə Çarlz və onun birinci həyat yoldaşı şahzadə Diananın oğlanları, Böyük Britaniya Kraliçası II Yelizavetanın nəvələrinin yola getməməsi kral ailəsində böyük narahatlıq yaradıb.

Şahzadə Harrinin nənəsi II Yelizavetadan ayrılmasının ortada müəyyən siyasi çalarlarla bağlı olduğu da bildirilir.

Qeyd edək ki, İngiltərə kral ailəsi ilə bağlı ən səs-küylü hadisələrdən biri şahzadə Dianın özəl həyatı və dünyada böyük əks-səda yaradan qətli hadisəsi olmuşdu. 1992-ci ildən Çarlzla ayrı evlərdə yaşamağa başlayan Diananın bu addımı atmasına ərinin xəyanəti səbəb olmuşdu. Çarlz açıq şəkildə Kamilla ilə görüşməyə başlamışdı. Diananın da boşanmamışdan əvvəl bir neçə sevgilisi var idi: reqbi oyunçusu Uil Karlinq və əsgər Ceyms Hevit.

Diana BBC-yə müsahibəsində evliliklərində nələr olduğunu hər kəsə bildirmək istəyirdi.

1995-ci ilin dekabrında, şahzadənin müsahibəsindən sonra Kraliça Uelsin hər iki şahzadəsinə tezliklə boşanmaları üçün məktublar göndərdi. 20 dekabr 1995-ci ildə Bukingem sarayı Kraliçanın Uelsin şahzadələrinə boşanmalarını məsləhət etdiyi məktublar göndərdiyini ictimaiyyətə elan etdi. Baş nazir Con Meycor da onların ayrılmalarını istəmişdi. Şahzadə Çarlz tezliklə yazılı bəyanatla rəsmi olaraq boşanma ilə razılaşdı. Boşanma 28 avqust 1996-cı ildə başa çatdı və onlar rəsmi olaraq ayrıldılar. Diana özünün Zati-aliləri adını itirdi və əvəzində, sadəcə, Uels şahzadəsi Diana olaraq qaldı. Hələ bundan bir il əvvəl Tina Brauna görə, Edinburq hersoqu Uels şahzadəsinə əvvəlcədən xəbərdarlıq etmişdi: "Əgər özünü apara bilmirsənsə, qızım, biz sənin titulunu geri alacağıq". Uels şahzadəsinin isə belə cavab verdiyi deyilir: "Mənim titulum sizinkindən çox köhnədir, Filip". Bukingem sarayı Uels şahzadəsinin taxta ikinci və üçüncü namizədlərin anası kimi hələ də kral ailəsinin üzvü olduğunu bəyan etdi.

Şahzadə Uilyam anasına təsəlli vermişdi və ona yenidən Zati-aliləri adına malik olmasına icazə verilməsini istədiyini bildirmişdi. Onun belə söylədiyi barədə məlumat verilir: "Narahat olma, anacan, mən kral olanda bir gün sənə o titulu geri verəcəm".

Qeyd edək ki, kral ailəsində şahzadə Harri yeganə şəxs deyil ki, öz imtiyazlarından imtina etsin, hətta onun əmisi şahzadə Endryu cinsi istismara görə, ümumiyyətlə, öz səlahiyyətlərindən və imtiyazlarından imtina etmək məcburiyyətində qalıb. II Yelizavetanın oğlunun adı cinsi istismarda hallandırılıb, bu da onun öz səlahiyyətlərini itirməsinə səbəb olub.

Son illər Britaniyanın kral ailəsinin üzləşdiyi itkilərin sayı-hesabı yoxdur. Onu da bildirək ki, şahzadə Endryu yüksək rütbəli və məşhur tanışları üçün yetkinlik yaşına çatmayan qızların iştirakı ilə gecələr təşkil edən məşhur maliyyəçi Cefri Epşteynlə dostluq münasibətlərində olub. Şahzadə Endryu özü şəxsən bir neçə belə tədbirdə iştirak edib. Doğrudur, kraliçanın oğlu bunu təkzib etsə də, olayla bağlı Britaniya mətbuatı çəkiliş və foto şəklində sübutlar dərc etmişdi. Nəticədə kral ailəsinin nüfuzuna ciddi xələl gəlməklə yanaşı, həmçinin, bir sıra kompaniyalar şahzadə ilə işgüzar münasibətləri dayandırdıqlarını rəsmən bəyan etmişlər.

Tarixçi Həyat Məhərrəmova qeyd edir ki, Britaniya kral ailəsi tarixən dedi-qodu, qalmaqal ünvanlarından biri kimi diqqəti çəkib. Onun sözlərinə görə, bu gün şahzadə Harrinin və həyat yoldaşının bütün imtiyazlardan imtina edərək “hamı kimi” yaşamaq istəmələrinin arxasında şübhəsiz ki, gizli məqamlar durur. O bildirdi ki, son illər Britaniya kral ailəsinin səlahiyyətlərinin azaldılması, hökumətin daxili və xarici siyasi məsələlərdə krallıqla hesablaşmaması bir sıra problemlərin meydana çıxmasına səbəb olub.  

Ekspert qeyd etdi ki, Böyük Britaniya kral ailəsi dünyanın ən zəngin ailələrindən biri kimi bu gün də gündəmdədir.

Belə bir fikir geniş yayılıb ki, guya Böyük Britaniya kraliçası qızıl içərisində “üzür” və ürəyi istədiyi hər bir şeyi özü üçün əldə edə bilər. Lakin bu heç də belə deyil. Monarxiya ailəsi ölkənin ən varlı insanları sırasında 257-ci pillədədir və kraliçanın sərvəti 550 milyon dollara bərabərdir.

Onların sahib olduğu iqamətgah isə 77 min kvadratmetr əraziyə sahibdir. Ailənin nəhəng evində 775 otaq var və onlara qulluq edən xidmətçilərin sayı 800 nəfərə bərabərdir.

Britaniya Kraliçasının ildə 2 dəfə öz ad gününü qeyd etdiyi deyilir. Bu tarixlərdən biri 21 aprel (rəsmi olaraq dünyaya gəldiyi gün), digəri isə may ayının ortalarındadır. İkinci tarix ümumxalq bayram edilməsi üçün təyin edilir. Kraliça II Yelizaveta monarxiyaya hər kəsdən daha uzun müddət başçılıq edir və o artıq 64 ildir taxtın sahibidir. Bir çoxu Böyük Britaniyanın 1-ci xanımının rəsmi soyadının nə olduğu ilə maraqlanır. Kraliçanın soyadı isə Mauntbetten-Vindzordur. Qeyd edək ki, şahzadə Uilyam taxtın ən ağıllı varisi hesab edilir. Belə ki, o, Send-Endryuda aldığı təhsil zamanı mükəmməl nəticələr nümayiş etdirib. Şahzadənin həyat yoldaşı Keyt Middlton da, həmçinin, eyni təhsil müəssisəsində təhsil alıb. Maraqlıdır ki, Keyt Middlton Corc Vaşinqtonla qohumluq əlaqələrinə sahibdir. Qeyd etdiyimiz kimi, Britaniya şahzadəsi Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl kral ailəsi üzvləri səlahiyyətlərindən imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək üçün addım atıblar və artıq kraliçadan ayrılıblar. Britaniya kral ailəsinin üzvlərinə gəlincə, II Yelizaveta hələ şahzadə olarkən, 1947-ci il noyabrın 20-də şahzadə Filiplə ailə həyatı qurmuşdu. Filip Yunanıstan kralı I Georqun oğlu idi. 1952-ci ildə II Yelizaveta taxta çıxdıqdan sonra Filip Edinqburq şahzadəsi fəxri titulunu daşımağa başladı. Cütlüyün 4 övladı – şahzadə Çarlz (1948), şahzadə Anna (1950), şahzadə Endryu (1960), şahzadə Eduard (1964) və 6 nəvəsi var. Britaniya kral ailəsinin qaydalarına görə, taxtın varisi Vindzorlar sülaləsinin kişi üzvləri, onların yoxluğunda isə qadın üzvləri sayılırlar. II Yelizaveta və Edinburq şahzadəsi Filipin böyük oğlu şahzadə Çarlz taxtın bir nömrəli varisi hesab olunur. Lakin ictimai sorğular onun xalq arasında qeyri-populyar olduğunu göstərir. 1981-ci ildə şahzadə Diana ilə ailə həyatı quran Çarlz sonradan ondan boşanmaqla mühafizəkar Britaniya cəmiyyətində tənqidlərlə qarşılaşır. Diananın 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olması isə bu tənqidləri daha da artırıb. Daim dedi-qodu ünvanına çevrilən Böyük Britaniya kral ailəsinin həyatında baş verən bütün xoşagəlməz hadisələr Krallığın nüfuzuna bir qədər də mənfi təsir göstərib.

İradə SARIYEVA

Son xəbərlər