13/08/2020 03:40
728 x 90

Prezident Əliyevin Azərbaycan və Ermənistan arasında apardığı müqayisə ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirəcək

Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, bütün bunlar beynəlxalq müstəvidə ölkəmizin xeyrinə işləyəcək”

img

“Son vaxtlar siz də bunu görürsünüz, Ermənistanın Baş naziri öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır”.

Bunu yanvarın 13-də Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə yekun nitqində deyib. Ölkə başçısı Azərbaycanla Ermənistanı müqayisə edərək, əksər parametrlər üzrə bizim öndə olduğumuzu göstərdi: “Bunu təsdiqləmək üçün, sadəcə olaraq, bir neçə hadisəni və bir neçə rəqəmi səsləndirmək istərdim. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər”.

Prezidentin sözlərinə görə, 2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak olub: "Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir”.

Bununla belə, dövlət başçısı qeyd edib ki, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir.

Prezident onu da qeyd edib ki, Ermənistan iqtisadi, sosial, idman və digər parametrlərə görə də Azərbaycana uduzur. O bununla bağlı konkret faktlar və rəqəmlər səsləndirib.

Bütövlükdə, Prezident İlham Əliyevin sözügedən müqayisəsi Azərbaycana nə verdi?

  • “Bu həm də Azərbaycanın işğalçı ölkə üzərində psixoloji qələbəsidir”

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək: “Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında bütün sahələrdə ciddi fərqlər var. Azərbaycan iqtisadi və hərbi imkanlarına görə Ermənistandan qat-qat üstündür. Prezident İlham Əliyev öz çıxışında sözügedən müqayisəni apararkən real faktları sadaladı. Bu onu göstərir ki, Azərbaycan regionda öz inkişaf potensialına görə lider ölkədir. Hesab edirəm ki, bütün bunlar beynəlxalq müstəvidə Azərbaycanın xeyrinə işləyəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan da iqtisadi vəziyyətə görə ölkəsinin geridə olduğunun fərqindədir. Lakin bunu açıq etiraf etməyə cəsarəti çatmır. Bu onu göstərir ki, Azərbaycan daim öz iqtisadi və digər proqramları ilə ölkənin potensialını gücləndirir. Nəticədə regionda balans Azərbaycanın lehinə işləyir. Dövlət başçısının Ermənistan barədə dedikləri göstərir ki, bu işğalçı ölkə ciddi şəkildə iqtisadi bataqlığın içindədir. Çıxış yolu işğalçı mahiyyətindən əl çəkdikdən sonra mümkündür. Bu gün Ermənistan bütün parametrlərə görə Azərbaycandan geridir. Demoqrafik fərq, hərbi imkanlar və iqtisadi göstərici müqayisəyəgəlməz dərəcədədir. Bu həm də Azərbaycanın işğalçı ölkə üzərində psixoloji qələbəsidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər