13/08/2020 04:18
728 x 90

Ermənistanın özünün törətdiyi Sumqayıt faciəsi üzərində hələ də oyun oynayanlara Paşinyan da qoşuldu...

Əli Orucov: “Sumqayıt hadisələrinin ermənilər tərəfindən törədilməsini təkcə biz demirik”

img

Ermənilər anti-Azərbaycan kampaniyasına başlamaq və Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə bəraət qazandırmaq üçün 1988-ci ildə Sumqayıt hadisələrini özləri törətdilər. 1988-ci il fevralın 26-28-də Sumqayıtda baş verən hadisələrin istintaq materiallarında bütün bunlar tutarlı faktlarla sübut olunub. Ancaq buna baxmayaraq, ermənilər uzun illərdir Sumqayıt hadisələri ətrafında oyun oynayırlar. Hər il guya azərbaycanlıların orada “soyqırım” törətdiklərini iddia edir və qondarma mərasimlər təşkil edirlər.

Ermənistanın Baş naziri Nikol Paşinyanın son cəfəngiyyatı məhz Sumqayıt hadisələri üzərində qurulub. Görünən odur ki, Paşinyan da onların oyunlarına qoşulub. Adam həyasızcasına iddia edib ki, Dağlıq Qarabağ münaqişəsi guya Sumqayıt hadisələrinə görə başlayıb. Əslində, Sumqayıt hadisələrinin bütünlüklə erməni təxribatından başqa bir şey olmadığını Paşinyan çox gözəl bilir. Buna baxmayaraq, Paşinyan Bakıda “erməni qırğınlarının” 30 illiyi münasibətilə ictimaiyyətə mesaj da göndərib. Daha sonra yalanlarına davam edərək bunları deyib: “30 il əvvəl beynəlxalq ictimaiyyət Bakıda erməni əhalisinin qətliamının şahidi olub bunu qınamışdır. Sumqayıt faciəsindən sonra artan repressiyalar və etnik təmizləmələr siyasəti nəticəsində 1990-cı ildə Bakıdakı 250 minlik erməni icmasından yalnız 35-40 min yaşlı və köməksiz insanlar qalmışdı. Onların sonrakı taleyi daha faciəli olub”.

  • “Yaxşı olardı ki, Paşinyan sözügedən hadisələrdən danışarkən həmin istintaq materiallarına baxsın”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Sumqayıt hadisələrinin ermənilər tərəfindən törədilməsini təkcə biz demirik: “O zaman bununla bağlı istintaq işlərini SSRİ-nin müvafiq hüquq-mühafizə orqanları aparırdı. Yəni bu məsələ ilə o zaman sırf Moskva tərəfindən göndərilən istintaq qrupu məşğul olurdu. Həmin istintaq materiallarında bütün bunlar açıq şəkildə göstərilib. Yaxşı olardı ki, Paşinyan Sumqayıt hadisələrindən danışarkən həmin istintaq materiallarına baxsın. İstintaqı Azərbaycan hüquq-mühafizə orqanları aparsaydı, o saat deyərdilər ki, bu qərəzlidir. Həmin istintaqı ruslar aparıb. Başqa bir tərəfdən, Paşinyan özü yaxşı bilir ki, Sumqayıt hadisələrinin törədilməsində ermənilərlə yanaşı, SSRİ DTK-sı da fəal iştirak edib. Məhz bu səbəbdən cinayəti törədən ermənilər sonralar müxtəlif vasitələrlə məsuliyyətdən kənarda qaldılar. Hansı ki, o qatillər buna görə sərt cəzalandırılmalı idi. Ancaq məlum səbəblərdən bu baş vermədi. Paşinyan Bakıda törədilən hansı “qırğınlar”dan danışır ki, 1989-cu ilin sonuna qədər Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Bütün soydaşlarımız dədə-baba torpaqlarından zorla qovuldu. Mən özüm əslən Qərbi Azərbaycandanam. Azərbaycanlıların yaşadığı Quqark rayonunda qırğınlar törədildi, insanlar diri-diri yandırıldı. Ona görə də Paşinyanın növbəti yalanları nəyisə dəyişə bilməyəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər