05/07/2020 10:44
728 x 90

Baş prokuror Paşinyanın bir saxtakarlığını da açdı – Paşinyan ən az ölüm ili 2019-u, prokuror 2013-ü göstərdi...

İbrahim Rüstəmli: “Orduda ikitirəlik bu gün də davam edir və belə halların sayı azalmayıb”

img

Bu günlərdə Ermənistan Baş naziri Nikol Paşinyan 2019-cu ilin yekunlarından danışarkən orduda itkilərin müstəqillik dövrünün son 20 ili üçün tarixi minimuma düşdüyünü elan edib. Bununla bağlı sosial şəbəkədəki hesabında Paşinyan itkilərin konkret sayını açıqlamasa da, əsgər ölümlərinin 2018-ci illə müqayisədə 22 faiz azaldığını bildirib.

Ancaq Paşinyanın “Facebook”da Ermənistan ordusunun itkisinin tarixi minimumu haqqında yazdıqları yalan çıxıb. Belə ki, Ermənistan Hərbi Prokurorluğunun hesabatlarını araşdıran zaman məlum olub ki, itkilər heç də ən aşağı həddə düşməyib. Sadəcə, Paşinyan ictimai dəstək qazanmaq üçün növbəti dəfə yalan danışmalı olub. Məsələ ondadır ki, hərbi prokurorun köməkçisi Qor Abramyanın verdiyi məlumata görə, 2019-cu ildə ordu sıralarında 49 hərbi qulluqçu ölüb. Analoji itkilər 2013-cü ildə rəsmi olaraq 32 nəfər təşkil edib. 2006-cı ildə isə verilən itkilərin sayı 33 nəfər olub. Beləliklə, Paşinyanın 2019-cu ildə son 20 ilin ən az verilən itkiləri barədə açıqlamasının yalan olduğu ortaya şıxıb.

Onu da qeyd edək ki, ümumilikdə, 2011-2019-cu illərdə Ermənistan ordusu 588 hərbi qulluqçusunu itirib.

Beləliklə, Paşinyanın rəqəmlər üzərində oynamaq cəhdi növbəti dəfə onun əleyhinə işlədi və yalan danışdığı məlum oldu. Bəzi erməni ekspertlərinin fikrincə, Ermənistan ordusunda göstərilən itkilərin sayı, əslində, reallıqda daha çoxdur.

  • “Paşinyan hər dəfə rəqəmlərdən istifadə etməyə çalışarkən gülünc duruma düşür”

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Ermənistan ordusunda real vəziyyət daha da ağırdır: “Əvvəla Ermənistana rəhbərlik edənlərin hamısı, bir qayda olaraq, Qarabağ kartı üzərində öz hakimiyyətini qurub. Yəni Qarabağ kartı onlar üçün aparıcı və müəyyənedici vasitə kimi həmişə vacib rol oynayıb. Paşinyan da, əvvəlkilər kimi, Qarabağ kartından istifadə edir. Bununla o, hakimiyyətdəki ömrünü daha çox uzatmaq istəyir. Hər dəfə rəqəmlərdən istifadə etməyə çalışarkən gülünc duruma düşür. Anlamaq istəmir ki, indi başqa zamandır. Ordu hansısa iqtisadi subyekt deyil ki, rəqəmləri şişirdəsən və yaxud da aşağı göstərəsən. Ordu mürəkkəb bir sistemdir. Ermənistan ordusunun daxili vəziyyəti heç də Paşinyanın iddia etdiyi kimi deyil. Düzdür, Paşinyan Baş nazir olandan atəşkəsin pozulması halları azalıb, amma bu o demək deyil ki, orduda neqativ hallar azalıb. Orduda neqativ hallar azalmayıb, əksinə, artıb. Ermənistan ordusu daxilində ciddi narazılıqlar var və bu, zaman-zaman özünü müxtəlif formalarda göstərir. Orduda ikitirəlik bu gün də davam edir və belə halların sayı azalmayıb. Məlum statistik rəqəmlər bunu bir daha sübut etdi. Xüsusən də Ermənistandan olan əsgərlərlə Qarabağdan olan əsgərlər arasında ziddiyyətlər var. Neçə dəfə əsgərlər arasında insidentlər baş verib. Bunun da konkret kökləri var. Məsələ ondadır ki, dinc erməni əhalisinin böyük bir qismi Qarabağla bağlı fərqli mövqedən çıxış edir. Onlar istəmir uşaqları Qarabağda xidmət etsinlər. Dəfələrlə əsgər anaları etiraz aksiyası keçiriblər. Qarabağ problemi erməni əhalisi üçün artıq bir yükdür. Çünki münaqişə həll olunmadığı üçün, hər il erməni əsgərləri Qarabağda ölür, şikəst olur, “dedovşinaya” məruz qalırlar və s. Ordu çətin mexanizmə malik bir qurumdur. Ordunu idarə etmək üçün çox ciddi dayaq sütunları lazımdır. Ermənistan ordusunun bizdən fərqi həm də odur ki, dayaq sisteminə malik deyil. Ona görə də Paşinyanın ordu üzərindən qurmaq istədiyi təbliğat cəhdi fiaskoya uğradı”.

Vidadi ORDAHALLI

Son xəbərlər