26/01/2020 12:28
728 x 90

Özəl televiziyalar namizədlərə ödənişli efir vaxtı verməkdən yaxalarını kənara çəkdilər...

Azər Həsrət: “Özəl telekanallar bu addımı atmaqla əslində öz prinsiplərinə zidd davranış sərgilədilər”

img

Azərbaycanın özəl telekanalları 9 fevral parlament seçkiləri zamanı ödənişli əsaslarla seçkiqabağı təşviqatın təşkilindən imtina ediblər. Məsələ ondadır ki, özəl televiziya kanallarından heç biri pullu əsaslarla namizədlərin təbliğat materiallarını yerləşdirmək niyyəti barədə MSK-ya müraciət etməyib. MSK-nın məlumatında bildirilir ki, təkcə İctimai Televiziya təşviqat materiallarını ödənişli şəkildə yaymaq istəyini ifadə edib.

Ancaq bir məqamı da nəzərə almaq lazımdır ki, qanunvericiliyə  görə, İTV deputatlığa namizədlər üçün pulsuz efir vaxtı ayırmalıdır.

Ümumilikdə, 30 informasiya agentliyi və sayt, 9 qəzet və bir TV namizədlərin təşviqat materiallarını ödənişli şəkildə yerləşdirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, seçkiqabağı təşviqat yanvarın 17-də başlayır və 8 fevral saat 08:00-da - səsvermənin başlanmasına bir gün qalmış başa çatacaq.

Bundan əvvəl Azərbaycanda keçirilən seçkilərdə bu və ya digər dərəcədə özəl telekanallar namizədlərə pullu efir vaxtı verirdilər. Nəticədə namizədlərin təbliğat-təşviqat aparmaq imkanları daha da genişlənirdi. Çünki telekanalların bu baxımdan təsir imkanları daha genişdir. Bu dəfə isə özəl telekanallar nədənsə prosesdən kənara çəkiliblər. Maraqlıdır, özəl telekanallar bundan niyə yayınır?

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, özəl televiziyaların bu prosesdə iştirak etməməsi anlaşılan deyil: “Əslində deyərdim ki, bu anormallıqdır. Çünki özəl telekanallar reklam üçün özləri qapı-qapı düşürlər, biznes strukturlarına müraciət edirlər ki, reklam alsınlar. Çünki bundan yaxşı pul qazanırlar. Seçki kampaniyası da reklam əsasları ilə həyata keçiriləcək. Əlbəttə ki, normalda özəl telekanallar bunda maraqlı olmalı idilər. Çünki söhbət kommersiya əsaslı reklamlardan gedir. Hansısa namizəd demir ki, özəl telekanallar pulsuz əsaslarla onların təbliğat-təşviqatına şərait yaratsın. Ancaq təəssüflər olsun ki, sözügedən telekanallar heç bir səbəb göstərmədən prosesdən kənarda qalmağı üstün tutdular. Ona görə də həmin televiziyaların bu addımını normal qarşılamaq mümkün deyil. Eyni zamanda, onların bu addımına izah tapmaq mümkün deyil. Yalnız İctimai Televiziya bu kampaniyada kommersiya əsasları ilə iştirak etməyi bəyan edib. Ancaq kommersiya əsasları ilə fəaliyyət göstərən özəl telekanallar bu işdən heç bir səbəb gətirmədən imtina ediblər. O üzdən, bu tamamilə düzgün olmayan bir addımdır. Özəl telekanallar bu addımı atmaqla əslində öz prinsiplərinə zidd davranış sərgilədilər. Çünki burada onların qazanc imkanı var. Başqa bir tərəfdən onlara bununla bağlı faktiki olaraq hər cür şərait də yaradılıb. Dövlət heç bir əngəl törətmir. Hansısa qanuni əsaslarla pul qazanmaq imkanı var idi. O üzdən, özəl telekanalların bu addımının heç bir əsası və izahı yoxdur”.

Vidadi ORDAHALLI

Son xəbərlər