13/08/2020 03:30
728 x 90

Paşinyan bəzən dost dediyi Ukraynaya da xəyanət etdi – İrəvan-Simferopol reysi...

Arzuxan Əlizadə: “Bu o deməkdir ki, Ermənistan Ukraynanın ərazi bütövlüyünü tanımır”

img

Bu ilin mart ayından Ukraynanın işğal edilmiş Krım (Simferopol) bölgəsi ilə İrəvan (Ermənistan) arasında müntəzəm təyyarə reyslərinin açılması planlaşdırılır. Bu barədə separatçı bölgənin “parlamentinin turizm, kurortlar və idman komitəsinin rəhbəri” Aleksey Çernyak bildirib. Çernyak deyib: “İkar Hava Yolları” Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən müntəzəm uçuşlar üçün müvafiq icazə və təsdiq alıb. Uçuşlar mart ayından həftədə iki dəfə planlaşdırılır”.

Onun sözlərinə görə, Simferopol və İrəvan arasındakı hava yolu Krımın Rusiyaya “birləşməsindən” sonra ilk müntəzəm beynəlxalq reys olacaq. Separatçıların nümayəndəsi müntəzəm uçuşların açılmasının Krıma beynəlxalq uçuşların başlamasını və Simferopol hava limanının beynəlxalq statusunu daha da gücləndirəcəyini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan vətəndaşlarının və rəsmi nümayəndələrinin Rusiya tərəfindən işğal edilmiş Krım bölgəsinə qanunsuz səfəri ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib. Bundan başqa, XİN Ukrayna vətəndaşlarına müraciət edərək, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə getməməyə çağırıb.

Paşinyan hakimiyyəti bu addımı ilə Ukraynanın ərazi bütövlüyünü pozur. Nəzərə almaq lazımdır ki, Qərb və bir sıra ölkələr, birmənalı olaraq, Krımı Ukraynanın tərkib hissəsi hesab edirlər. Paşinyan bəzən dost dediyi Ukraynaya da xəyanət etdi. O bu addımı ilə Qərbin də iradəsinə qarşı gedir.

  • “Hesab edirəm ki, buna görə Qərbdən Paşinyan hakimiyyətinə münasibət mənfi mənada dəyişə bilər”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistanın bu addımı, açıq-aşkar, Ukraynanın ərazi bütövlüyünə hörmətsizlikdir: “Nəzərə almaq lazımdır ki, Ermənistan bununla dünyada Krımla müntəzəm beynəlxalq reys təşkil edən ilk dövlət olacaq. İndiyə qədər heç bir ölkə Krımla bağlı belə addım atmağa cəsarət etməyib. Ancaq Krım-İrəvan təyyarə reysinin açılması o deməkdir ki, Ermənistan Krımı rəsmən Rusiya ərazisi hesab edir. Bu o deməkdir ki, Ermənistan Ukraynanın ərazi bütövlüyünü tanımır. Zatən, beynəlxalq qurumlarda Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə olunanda Ermənistan bundan yayınır. Birmənalı olaraq Ermənistan Ukraynanın ərazi bütövlüyünə dəstək vermir. Ancaq hesab edirəm ki, buna görə Qərbdən Paşinyan hakimiyyətinə münasibət mənfi mənada dəyişə bilər. Çünki bu, Qərbin maraqlarına ziddir”.

Vidadi ORDAHALLI

Son xəbərlər