MM-də YAP-ın deputatları azalacaq(?)…

Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikasını açıqlayıb. Bununla bağlı məlumatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov təqdim edib.
O bildirib ki, YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil onunmasına xüsusi əhəmiyyət verib: "Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlarımıza siyahısında yer verib.
Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün YAP-ın irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası aşağıdakı kimidir:
Namizədin sayı: - 123 nəfər
Onlardan: qadın - 28 nəfər, kişi - 95 nəfər
Yaş qrupları üzrə: 18-35 yaş - 18 nəfər
36-45 yaş - 35 nəfər, 46-60 yaş - 40 nəfər
60-dan yuxarı - 30 nəfər
Fəaliyyət sahələri üzrə: Dövlət sektoru - 32 nəfər
Milli Məclisin deputatı - 45 nəfər
Bələdiyyə üzvləri - 6 nəfər
Səhiyyə üzrə - 6 nəfər
Təhsil üzrə - 22 nəfər
Özəl sektor - 10 nəfər
Müvəqqəti işsiz - 2 nəfər
Təhsil üzrə: ali - 123 nəfər
Elmi dərəcəlilər: elmlər namizədi - 22 nəfər, elmlər doktoru - 21 nəfər
YAP rayon (şəhər) təşkilat sədrləri: - 8 nəfər.
YAP-ın təqdim etdiyi siyahıda diqqətimizi seçkiyə yenidən qatılan deputatlarının sayı cəlb etdi. Göründüyü kimi, YAP bu seçkiyə 45 keçmiş millət vəkili ilə qatılıb. Bundan əvvəlki parlamentdə isə YAP 69 millət vəkili ilə təmsil olunurdu. Faktiki olaraq hakim partiya 25 millət vəkilini estafetdən kənarda saxlayıb. Belə ehtimallar var ki, hazırda təqdim olunan 45 nəfərdən heç də hamısı seçilməyəcək. Onda YAP-ın ümumi deputat siyahısında azalmanı təxmin etmək olarmı? Təqdim olunan hesabatdan görünür ki, YAP, demək olar ki, bütün seçki dairələrini əhatə etməyə çalışıb, yalnız iki dairədən namizəd irəli sürməyib. Bu da onu deməyə əsas verir ki, hakim partiya yeni deputat korpusunun əhəmiyyətli hissəsini sürpriz namizədlərdən təşkil etməyi hədəfləyib. YAP-ın siyahısında qadınların sayında əhəmiyyətli artım müşahidə edilmir. Namizədlərin yaş qrupundan isə görünür ki, YAP bu dəfə cavanlaşmaya üstünlük verib. Dövlət qurumlarında çalışan namizədlərin sayı ağırlıq təşkil etmir. Siyahıda özəl sektoru təmsil edən iş adamlarının yer alması da yeni taktika deyil. Çünki bundan əvvəlki parlamentdə də belə kateqoriyadan olan YAP-çı millət vəkillərinə rast gəlinirdi. Hesabatda diqqətimiz çəkən məqamlardan biri də 2 nəfərin işsiz olmasıdır. Partiyanın irəli sürdüyü namizədlərin hamısının ali təhsilli olması da normal sayıla bilər. Çünki parlamentdə savadlı adamların təmsil olunması daha məqbuldur. Ən vacib məqamlardan biri isə budur ki, hakim partiya budəfəki seçkiyə daha çox elmi dərəcəli namizədlə gedir. Onların ümumi sayı 43 nəfərdir. Sonda bu nəticəyə gəlmək olar ki, hakim partiya yenə də özünü seçkinin favoriti sayır və yəqin ki, əvvəlki nəticəsindən daha üstün nəticə göstərməyə israrlı olacaq. Ancaq son nəticəni seçici deyəcək...
Məhəmmədəli QƏRİBLİ