Ölkədə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı maraqlı hadisələrin şahidi oluruq. Başa düşürük ki, bu seçkidə namizəd kimi iştirak etmək qanuni haqqı çatan hər bir Azərbaycan vətəndaşının hüququdur. Ancaq təəssüflər olsun ki, seçki marafonuna şou göstərməyə meylli olan çoxlu sayda şəxsin də qatıldığını müşahidə edirik.
Belə adamlar nüfuzlarının hansı şkala ilə ölçüldüyünün fərqindədirlər. Bilirlər ki, qalib gəlmək şansları yoxdur. Bu səbəbdən də gələcək acı və biabırçı məğlubiyyətlərini kompensasiya etmək üçün dövriyyəyə özlərinə “haqq” qazandıra biləcək şayiələri buraxırlar. Məsələn, indidən deyirlər ki, guya onlara DSK-dan təzyiqlər olunur. Guya kimlərsə onların imza toplamağına maneçilik törədir.
Biz də ölkədə yaşayırıq və prosesləri yaxından izləyirik. Görünən budur ki, seçki prosei ilə bağlı hamıya bərabər şərait yaradılıb. Hətta heç kimin tanımadığı şəxslər belə tələb olunan 450 imzanı asanlıqla toplayıb DSK-lara təqdim edə bilirlər. Onda isə bəzilərinin “mənə təzyiq olunur” kimi ölkəmizin imicinə zərbə vura biləcək şousu nəyə gərəkdir?
Samir Adıgözəlli: “Belə bəyanatları verəndə haqqı-ədaləti və ən əsası da belə faktlardan ölkəmizə qarşı istifadə edilə biləcəyini də nəzərə almalıdırlar”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzi adamların prosesdən sui-istifadə etmə hallarını o da yaxından müşahidə edir: “Əvvəla onu qeyd edim ki, həddən artıq çox təsadüfi, layiq olmayan adamlar deputat olmaq eşqinə düşüb. Buna nəsə deyə bilmərik. Deyəcəklər ki, hüququmuzdur. Sosial şəbəkələrin verdikləri imkanlardan istifadə edib, ağıllarına gələn hərəkəti edirlər. Bəziləri isə, sözün həqiqi mənasında, guya özünü piar edir kimi göstərməyə çalışır. Guya kimlərəsə təzyiqlərin olduğuna dair fikirləri cəmiyyətə təqdim edir. Baxıb görürsən ki, təzyiq olunduğunu deyən adam lazım olan 450 imzanı 10 gündür yığa bilmir. Belə adam təbii ki, deputat seçilə bilməyəcəyini hamıdan gözəl bilir. Mən bir neçə dəfə deputatlığa namizəd olmuşam. Bu dəfə də seçkidə iştirak etməyi planlaşdırırdım. Ancaq bəzi obyektiv səbəblərə görə bu dəfə estafetə qatılmamaq qərarını verdim. İndi mən durum deyim ki, mənə təzyiq olub? Sadəcə ayıb olar. Belə bəyanatları verəndə haqqı-ədaləti və ən əsası da belə faktlardan ölkəmizə qarşı istifadə edilə biləcəyini də nəzərə almalıdırlar. Bir daha qeyd edirəm ki, bu tip şəxslər real mənzərəni təsvir etmirlər. Özlərini gündəmdə saxlamaq və gələcək məğlubiyyətlərinə indidən don geyindirmək üçün belə təxribatçı əməllərə qol qoyurlar”.
Məhəmmədəli QƏRİBLİ