Məlum olduğu kimi, İsveçrənin "Henley&Partners" şirkəti dünya ölkələrinin pasportlarının yeni reytinqini açıqlayıb. Siyahıya Yaponiya liderlik edir.
Belə ki, Yaponiya pasportu daşıyan insanlar dünyanın 191 ölkəsinə vizasız səyahət etmək imkanına malikdirlər. Reytinqdə ikinci yeri Sinqapur (190 ölkə), üçüncü Almaniya və Cənubi Koreya Respublikası (189 ölkə) tutublar. İlk onluqda Finlandiya, İtaliya, Danimarka, İspaniya, Lüksemburq, İsveç, Fransa, İsveçrə, Portuqaliya, Niderland, İrlandiya, Avstriya, ABŞ, Böyük Britaniya, Norveç, Yunanıstan, Belçika, Yeni Zelandiya, Malta, Çexiya, Kanada, Avstraliya, Slovakiya, Litva, Macarıstan qərarlaşıblar.
Azərbaycan isə siyahıda Filippinlə birlikdə 76-cı yeri tutub. Azərbaycan pasportunu daşıyan vətəndaşlar dünyanın 67 ölkəsinə vizasız səyahət edə bilərlər.
Gürcüstan siyahıda 53-cü (116 ölkə), Türkiyə 55-ci (111 ölkə), Rusiya 51-ci (118 ölkə), Ermənistan isə 81-ci (62 ölkə) yerdə qərarlaşıb.
Göründüyü kimi, Azərbaycan bu sahədə də Ermənistanı üstələdi. İqtisadi sahələrdə olduğu kimi, vizasız gediş-gəlişdə də Azərbaycan öndədir.
“Azərbaycan isə dünya üçün daha cəlbedicidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu onu göstərir ki, Ermənistan bütün sahələrdə olduğu kimi, vizasız gediş-gəlişdə də Azərbaycandan geridə olmağa məhkumdur: “Çünki hazırki işğalçı siyasətlə Ermənistan uzağa gedə bilməz. Ölkədə hakimiyyət dəyişikliyindən sonra bəziləri ümid edirdilər ki, bu ölkədə köklü dəyişikliklər olacaq. Ancaq çox keçmədən bəlli oldu ki, Paşinyan populizm üzərində siyasət qurub. İki ilə yaxın hakimiyyətdə olsa da, ölkənin problemlərini həll edə bilməyib. Bu onu göstərir ki, Ermənistan digər ölkələr üçün cəlbedici deyil. Cəlbedici olsaydı, o zaman Ermənistan vətəndaşlarının vizasız səfərlərində maraqlı olacaqdılar. Azərbaycan isə dünya üçün daha cəlbedicidir, həm iqtisadi, həm də digər göstəricilərə görə. Ona görə də biz Ermənistandan öndəyik”.
Vidadi ORDAHALLI