Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 6-da “Facebook” səhifəsində belə bir məlumat yaydı ki, guya Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə Gürcüstan və Azərbaycandan öndədir.
Utanmaz-utanmaz belə bir məlumatın Beynəlxalq Valyuta Fondu tərəfindən açıqlandığını bildirdi. Guya Ermənistan bu göstərici üzrə regional liderə çevrilib. Sonra bunun belə olmadığını anlayan Paşinyan özü-özünü “redaktə edərək”, bir gün öncə söylədiyinin əksinə olaraq, adambaşına düşən ÜDM-in həcminə görə Ermənistanın Qafqazda yalnız Gürcüstanı keçdiyini bildirib.
Bu arada Paşinyan yenidən öz “Facebook”səhifəsində əsassız olaraq bu il adambaşına düşən ÜDM-in həcminə görə Ermənistanın Azərbaycanı da üstələyəcəyinə əminliyini ifadə edib. İddia edib ki, Ermənistan bir nəfərə düşən ÜDM ilə 2019-cu il nəticələrilə Gürcüstanı qabaqlayıb, 2020-ci ildə isə Azərbaycandan da irəli keçərək Cənubi Qafqazda lider olacaq.
Bütün hallarda, onun bu proqnozu nə dərəcədə reallığa söykənir?
“Yaxın 10 ildə Azərbaycan iqtisadi artıma nail olmasa belə, Ermənistanın indiki inkişaf sürəti ilə...”
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, Ermənistanın 2020-ci ildə bir nəfərə düşən ÜDM-in həcminə görə Azərbaycanı üstələyəcəyi real deyil: “Bu, sadəcə, Paşinyanın növbəti populist açıqlamasıdır. Gərək Ermənistan sürətlə inkişaf etsin ki, sonra da gəlib bizi keçsin. Hesab edirəm ki, bu əsla mümkün olan iş deyil. Çünki Ermənistanın bununla bağlı resursları o səviyyədə deyil. Bu ölkənin nə təbii, nə də digər resursları var. Ermənistanın elə bir coğrafi mövqeyi yoxdur ki, oradan tranzit yüklər daşınsın, ora çoxsaylı turist gəlsin. Ermənistan apardığı işğalçılıq siyasəti ilə özü-özünü blokadaya alıb. Blokada şəraitində olan bir ölkənin də inkişaf etməsi mümkün deyil. Ermənistan son 15-20 il ərzində regionda reallaşdırılan bütün transmilli layihələrdən kənarda qalıb. Çünki özünü bundan təcrid edib. Sadəcə, siyasət meydanında Paşinyan belə iyrənc oyunlar oynamaqla öz reytinqini qaldırmağa çalışır. O çox gözəl bilir ki, Azərbaycanla Ermənistan iqtisadiyyatları arasında məsafə böyükdür. Yaxın 10 ildə Azərbaycan iqtisadi artıma nail olmasa belə, Ermənistanın indiki inkişaf sürəti ilə adambaşına düşən ÜDM-in həcminə görə bizə yaxınlaşması mümkün deyil”.
Vidadi ORDAHALLI