Məlumdur ki, işğalçı Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu ölkənin Rusiya ilə ciddi problemləri yaranıb. Ötən il ərzində baş verənlər sadəcə bu problemlərin daha da dərinləşməsinə rəvac verdi. İndi Ermənistanda belə bir fikir hakimdir ki, cari il ərzində də Rusiya ilə əlaqələrdə normallaşma bərpa olunmasa, ölkəni daha ciddi çətinliklər gözləyir.
Amma Ermənistan hakimiyyətinin anti-Rusiya mövqeyi, Rusiya prezidentinin ikinci prezident Robert Köçəryanın həbsinə açıq-aşkar mənfi münasibəti, Rusiya tərəfindən sabiq müdafiə naziri, general-polkovnik Mikayel Harutyunyan və keçmiş deputat Mihran Poqosyanın təhvil verilməməsi, eləcə də digər belə amillər münasibətlərdə normallaşmanın olacağını ciddi sual altına alır. Bunu erməni politoloq Qrant Məlik-Şahnazaryan da xüsusi olaraq vurğulayır. Politoloq qeyd edir ki, Ermənistan-Rusiya münasibətlərində mövcud olan ən vacib məsələlərə dair ötən il ərzində heç bir razılıq əldə olunmayıb. O qeyd edib ki, ötən il danışıqlar mərhələsində olan Ermənistan üçün vacib bir məsələnin havada qaldığını söyləmək olar: “2018-ci il də Paşinyanın Rusiyaya səfəri ilə başa çatdı, bundan sonra da hamı qazın satınalma qiyməti, Qarabağ məsələsi kimi sahələrdə yenilikləri olacağını gözləyirdi. Baş nazir görüşdən sonra yaxşı xəbərlərin olduğunu söylədi, amma bu yaxşı xəbərlər bütün il boyu səslənmədi”. Ekspertin sözlərinə görə, Ermənistan - Rusiya münasibətlərində əhəmiyyətli bir prosesin olmadığını göstərən göstəricilər var. O, Rusiya prezidentinin Ermənistana da səfər etdiyini, lakin görüşdə vacib məsələlərin müzakirə olunmadığını xatırladıb: “Təəssüf ki, digər narahatlıqlar da var, məsələn, Qarabağ münaqişəsinin həllində Rusiyanın hansı diplomatik dili tətbiq etdiyini görürük. Azərbaycan prezidenti Putinin iştirakı ilə Ermənistanı açıq şəkildə tənqid etdi, lakin heç bir cavab almadı və ya Rusiya üçün məqbul oldu”. Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağın azərbaycanlı icmasının statusu məsələsinin qaldırılmasının lazım olduğunu söyləməsinə toxunan erməni politoloq bu cür açıqlamaların Ermənistan-Rusiya münasibətlərində narahatlığa səbəb olduğunu qeyd edib: “Ermənistan-Rusiya münasibətlərində ciddi iş aparılmasına ehtiyac var. Bu iki ölkə arasında heç vaxt belə bir etibarsızlıq olmayıb. Heç bir ciddi məsələnin həll olunmadığı və bunun dayandırıldığı kimi hal görünməmiş bir göstəricidir”. Məlik-Şahnazaryan bildirib ki, hərbi əməkdaşlıq çərçivəsində bəzi irəliləyiş olub, lakin əvvəlki illərlə müqayisədə burada da azalma müşahidə olunub. “2020-ci ildə danışıqların hansı mərhələlərini gözləmək olar”, deyə verilən suala cavabında politoloq Ermənistanın əslində danışıqların dalana dirənməsi ilə üzləşdiyini və 2020-ci ildə gözləntilərinə imkan verməyən çox ciddi mövqeləri güzəştə getdiyini bildirib: “Ermənistan bu gün ciddi hərbi problemlə üzləşib və təəssüf ki, Paşinyan və onun xarici işlər nazirinin qeyri-peşəkar yanaşmaları müharibənin diplomatik dayandırılması mexanizmlərini məhv edir. Hətta dəfələrlə Azərbaycana müharibə başlamaq və erməni tərəfini günahlandırmaq fürsəti verilib. Düşünürəm ki, 2020-ci ildə müharibə təhlükəsi çox yüksəkdir”. Ermənistan-Rusiya danışıqlarına yekun vuran ekspert qeyd edib ki, hər şey əvvəlki razılaşmaların reallaşması üzərində qurulub və yeni müzakirələr yoxdur: “Ermənistan tərəfi danışıqlar zamanı xeyirxahlıq etməyə çalışır, lakin ən böyük problem Ermənistanın baş naziri və xarici işlər nazirinin vəziyyəti idarə etməkdən çox uzaq olmasıdır. Hətta onların iştirakı ilə anti-erməni bəyanatları səslənsə də, cavab vermir, təhlükəni başa düşmürlər. Rusiya Ermənistanın sadiqliyini sınamağa çalışır, amma bunun əvəzinə heç nə vermir”. Digər ekspertlər də vurğulayır ki, Ermənistan siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından yenə Rusiyadan asılı vəziyyətdədir. Məhz bu durumda Paşinyan iqtidarının Rusiya ilə münasibətləri pisləşdirməkdə davam etməsi Ermənistan üçün cari ildə daha böyük problemlərin yaranması anlamına gəlir. Baş verən son geosiyasi proseslərin inkişafı fonunda Ermənistanın siyasi mövqeyi də xeyli zəifləyib. Erməni ekspert Movses Keşişyan bildirir ki, xüsusən gərginləşən İran-ABŞ münasibətləri bölgədə Ermənistanın mövqelərinə ciddi zərbə vurur. Keşişyanın sözlərinə görə, İran tərəfi yalnız ABŞ maraqları kontekstində Vaşinqtonla masa ətrafında oturmağa hazır deyil: “İran tərəfi nüvə məsələsi çərçivəsində artıq oturub, bu məsələ uğurla irəliləyirdi, imtina edən və bu məsələdən çıxış edən Amerika tərəfi idi. İndi tərəflər arasında vəziyyət gərgindir. İrandakı istənilən dəyişilik bütün regiona, bütün Asiyaya, Əfqanıstana, hətta Afrikanın şimal hissələrinə, Misirə çatan bölgələrə təsir edəcək. Bütün bunlar Ermənistana da böyük təhlükələr gətirə bilər, bu qeyri-sabitlik sərhəd mənasında təhlükəli ola bilər, xalqın axınını, min bir növ inkişafı gözləmək olar. Bundan başqa, bizim Rusiya ilə münasibətlərimiz gərgindir. Bu vəziyyətdə İranla da əlaqələrin zəifləməsi bölgədə Ermənistanın mövqeyinə çox ciddi şəkildə mənfi təsir göstərəcək”.
Tahir TAĞIYEV