Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə 1 ay qalır. Qanunvericilikdə seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış icazə verilir. Seçkidən bir gün əvvəl və seçki günü isə təbliğat-təşviqat aparılması qadağandır.
Amma qeydə alınmış namizədlər içərisində Seçki Məcəlləsinin tələblərini pozaraq, vaxtından əvvəl təbliğat işlərinə başlayanlar var. Bəziləri bu təbliğatı ənənəvi KİV-də deyil, sosial şəbəkələr üzərindən edir. Çoxlarının da arqumenti bundan ibarətdir ki, sosial şəbəkələr vasitəsilə aparılan təbliğat qanunun təsiri altına düşmür. Yəni belə qənaətdə olanlar çoxdur ki, təşviqat qaydalarının pozulması klassik KİV nümunələrində qeydə alınsa, qanun pozuntusu sayıla bilər. Sosial şəbəkələrdə təşviqat qaydalarının pozulması qanun pozuntusu sayılırmı və buna görə namizədləri hansı cəza gözləyə bilər?
Qanunun tələblərinə görə, təşviqat qaydalarının pozulması hər bir hala uyğun özünəməxsus cəza tədbiri ilə nəticələnə bilər. Namizəd bilmədən hansısa qanun pozuntusuna yol verdikdə Dairə Seçki Komissiyası ona xəbərdarlıq edə bilər. Amma həmin namizəd və ya onun səlahiyyətli nümayəndələri pozuntulara əhəmiyyət vermir, yenidən davam edirlərsə, DSK onun namizədliyinin ləğvinə belə qərar verə bilər.
“Bu müddətdə hətta küçəyə belə təşviqat xarakterli plakat yapışdırsanız, bu, pozuntu sayılır”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təşviqatın harada aparılmasının məsləyə dəxli yoxdur: “Yəni burada cavabdeh tərəf deputatlığa namizəddir və onun apardığı təşviqat qanunun tələblərinə uyğun olmalıdır. Kimsə qanunu pozub, öz təşviqatını vaxtından əvvəl aparırsa, MSK və DSK ona xəbərdarlıq etməlidir. Bu pozuntunun qeydə alınması namizədliyin ləğvinə qədər gedib çıxa bilər. İndiki mərhələdə təşviqatla adicə informasiya paylaşımını bir-birindən fərqləndirmək lazımdır. Tutaq ki, namizədliyi irəli sürülmüş şəxslərin özlərinin namizədliyi, imza toplamalar və ya namizədliklərinin qeydə alınması ilə bağlı təqdim etdikləri informasiya təşviqat sayılmır. Bunlar, sadəcə, seçki ilə bağlı hərəkətlərdir. Həmin materiallarda seçiciləri kiməsə səs verməyə çağırış yoxdursa, bu, qanun pozuntusu sayılmır. Əgər indiki mərhələdə, yəni yanvarın 17-nə kimi hansısa namizəd seçicilərə yönəlik təşviqat çağırışları edərsə, məsələn: “mən başqa namizədlərdən üstünəm, mənə səs verin” kimi, bu, artıq təşviqat sayılır və qanunun pozulması anlamına gəlir. Belə təşviqatın harada aparılmasının dəxli yoxdur. Yəni mən pozuntunu sosial şəbəkədə edirəm, məsuliyyətdən azadam məsələsi yoxdur. Bu müddətdə hətta küçəyə belə təşviqat xarakterli plakat yapışdırsanız, bu, pozuntu sayılır. İndiki mərhələdə bunu etmək olmaz. Qanunla müəyyən edilmiş vaxtdan isə belə təşviqat aparıla bilər. Kiminsə bu qanunu pozduğu aşkarlanarsa, həmin faktlar DSK və ya MSK-ya təqdim edilə bilər. Bunu seçki prosesinə aidiyyəti olmayan, sadə vətəndaş da edə bilər”.
Məhəmmədəli QƏRİBLİ