Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı 01.01.2020-ci il tarixə olan statistik məlumatları açıqlayıb.
Komissiyadan “Trend”ə verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3889 nəfər təşkil edir. Onlardan 3622 nəfəri kişi, 267 nəfəri isə qadındır.
İtkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı isə 719 nəfər (uşaq - 71 nəfər, qadın - 267 nəfər, qoca - 326 nəfər) təşkil edib.
Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərin sayı isə 871 nəfər olub. Onlardan 773 nəfəri kişi, 98 nəfəri isə qadındır. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini mülki şəxslər (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər) təşkil edib.
Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı isə 1480 nəfər olub. Onlardan 1123 nəfəri kişi, 357 nəfəri isə qadın olub.
Əsir və girovluqdan azad edilmiş şəxslərin 378 nəfəri hərbçi, 1102 nəfəri mülki şəxs (uşaq - 224 nəfər, qadın - 357 nəfər, qoca - 225 nəfər) olub.