Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hadisə yerində olublar. Hərbi Prokurorluğun zəruri tədbirlər həyata keçirdiyi bildirilir.
Ermənistanın məhz indiki məqamda atəşkəsi kobud şəkildə pozub, snayperlə əsgərimizi qətlə yetirməsi təsadüfi sayıla bilməz. Hazırda regionda çox qarışıq proseslər yaşanır. Həm Ermənistanın, həm də ölkəmizin birbaşa sərhəd qonşusu olan İran dövləti dünyanın ən nəhəng ölkəsi ABŞ-la müharibə vəziyyətindədir. Tərəflər bir-birinə raket zərbələri endirirlər. Belə olan şəraitdə Ermənistanın bu şəkildə atəşkəsi pozub, təxribat törətməsi təsadüf sayıla bilərmi?
Hatəm Cabbarlı: “Bölgədəki təhlükəsizliyin, daha doğrusu, status-kvonun dəyişməz qalmasına bu cür təxribatlarla...”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verən proseslərə kompleks yanaşmaq lazımdır: “Yaxın Şərqdə baş verən ABŞ-İran qarşıdurması, sadəcə, həmin regionun deyil, ümumən geniş bir ərazinin təhlükəsizliyi üçün təhlükə törədə bilər. Bura Cənubi Qafqaz da aiddir. Bu baxımdan, İranın ABŞ-a verəcəyi cavabın necə olacağı xüsusi əhəmiyyət daşıyır. Ermənistan, hər zaman olduğu kimi, yenə də fürsətcil davranır və yaranmış gərginlikdən öz xeyri üçün istifadə etməyə çalışır. Bu xüsusda Ermənistan-Azərbaycan sərhədində atəşkəsi pozmaqda davam edir. Qazaxda ermənilərin snayper gülləsi ilə bir hərbçimiz şəhid edilib. Ermənistanın bölgədə yaşanan kritik dönəmdə atəşkəsi pozmasının əsas səbəbi Azərbaycanı iğtişaşa cəlb etmək istəyilə bağlıdır. Yəni çalışır ki, Azərbaycan ona cavab versin və bununla da ölkəmizin məhz Ermənistanla sərhəddə mütəmadi olaraq atəşkəsi pozduğunu dünya ictimaiyyətinə təqdim etsin. Eyni zamanda, bunu Ermənistanın daxilindəki səbəblərlə də izah etmək olar. Nikol Paşinyana qarşı narazı qüvvələr var. Belə qüvvələr siyasi ilə yanaşı, hərbi arenada da mövcuddur. Azərbaycan atəşkəsin pozulmasında qətiyyən maraqlı deyil. Ancaq bu o demək deyil ki, bütün təxribatlar cavabsız qala bilər. Ermənistanın belə davranışları mütləq layiqli cavabını alacaq. Ermənistan bilir ki, dünyanın gözü bu regiondadır. Buna görə də bölgədəki təhlükəsizliyin, daha doğrusu, status-kvonun dəyişməz qalmasına bu cür təxribatlarla təminat almağa çalışır”.
Məhəmmədəli QƏRİBLİ