Parlament seçkilərinin keçirilməsi ilə bağlı vacib olan prosedurlar, demək olar ki, həyata keçirilmək üzrədir. Artıq namizədlərin qeydiyyata alınması prosesinin başa çatmasına da sayılı günlər qalıb. Bu da onu deməyə əsas verir ki, seçkidə iştirak edəcək namizədlərin kimliyi artıq bəllidir. Bunun özü də maraqlı detalları üzə çıxarmış olur. Birincisi, seçkiyə çoxlu sayda yeni və əsasən də gənc insan qoşulub.
Bundan əlavə, dəfələrlə eyni dairədən seçilmiş bir çox namizədin təkrarən həmin dairədən namizədliyini irəli sürməsi halları da baş verir. Buna da seçicilərin münasibəti birmənalı deyil. Məsələn, 20 il bir rayonun deputatı olmuş şəxsin yenidən həmin rayondan deputatlıq iddiasını ortaya qoyması ilə bağlı hallara çox mənfi münasibət bəslənir. Seçicilər sosial şəbəkələrdə yazırlar ki, deputatlar yenilənsə yaxşıdır. Çünki çoxları keçmiş deputatların dəfələrlə seçilməsinə baxmayaraq, bölgədə heç bir iş görmədiyi qənaətindədir. Bəs onda həmin millət vəkilləri niyə bir yeri özləri üçün sanki vakant kimi qəbul edir və gücünü başqa dairədən sınamaq istəmir? Və ya bu dəfə namizəd olmamaqla gənclərə yol açmağı düşünmür? Ən maraqlısı isə budur ki, belə iddiada olanların, demək olar ki, hamısı parlamentin buraxılmasına səs vermiş millət vəkilləridir.
Rauf Zeyni: “Bu da faktdır ki, uzun müddət eyni yerdən seçilən millət vəkillərinin bəziləri illərlə seçiciləri ilə görüşmürlər”
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə iki aspektdən yanaşmaq olar: “Birincisi, qanunun tələbləri, ikincisi isə həmin deputatların mənəvi haqqının olub-olmaması. Bilirsiniz ki, deputat olmaq istəklə reallaşmır. Nə də ki, kimsə adamı o posta təyin edə bilir. Bu, seçkili prosesdir. Seçicilərin etimadını qazanan adama 30 il də deputat olmağa qanun icazə verir. Amma siz də bilirsiniz ki, bir adamın uzun müddət eyni vəzifədə olmasını cəmiyyət birmənalı qarşılamır. Millət vəkili yükünü daşımağa da belə münasibətlər var və bu gizlin deyil. Elə adamlar var ki, seçicilər həmin adamı neçə dəfə seçilməsindən asılı olmayaraq, yenə də millət vəkili görmək istəyirlər. Təəssüflər olsun ki, bu, bütün millət vəkillərinə aid deyil. Bu da faktdır ki, uzun müddət eyni yerdən seçilən millət vəkillərinin bəziləri illərlə seçiciləri ilə görüşmürlər. Seçildikləri dairəyə getmək yalnız 5 ildən bir yada düşür. Belə adamların problemləri var. Kim seçicilərin etimadını qazanırsa, onun uzun müddət deputat olmasına heç bir məhdudiyyət yoxdur. Bu gün namizədliyini irəli sürən şəxs seçicilərin etimadını qazana bilirsə, qanun ona dəfələrlə eyni dairədən seçilməyə qadağa qoymur. Bu məsuliyyəti də seçilənlər öz üzərində hiss etməlidirlər. Seçkinin də fəlsəfəsi budur ki, sən seçicinin rəğbətini qazanasan”.
Məhəmmədəli QƏRİBLİ