ABŞ və İran arasında hələ ki, qarşılıqlı şəkildə artan ittihamların real hərbi müstəviyə keçməsi indi beynəlxalq gündəmin bir nömrəli mövzusu olaraq qalmaqda davam edir. Əksər ekspertlər bu qənaətdədir ki, tərəflərdən hansısa birinin savaşa doğru kiçik bir addımı belə bölgədə genişmiqyaslı müharibəni tətikləyə bilər. İndilikdə verilən açıqlamalardan aydın olur ki, proseslər elə bu istiqamətdə də cərəyan edəcək. Ən azı o baxımdan ki, İran və ona bağlı qruplar ABŞ-a qarşı müəyyən addımlar atmaqda israrlıdır. Belə vəziyyətdə ABŞ cavab tədbirlərinin görülməsi üçün indi hərbi hazırlığa başlayıb.
Məhz belə bir vaxtda yayılan məlumata əsasən, ABŞ Hind okeanındakı Dieqo Qarsia adasına 6 ədəd B-52 nüvə bombardmançı təyyarəsi göndərmək niyyətindədir. Təyyarələrin adaya İranla yaranan gərginlik fonunda göndəriləcəyi vurğulanıb. Adaya yerləşdiriləcək təyyarələrin İrana müdaxilə etmək üçün hazır vəziyyətdə olacağı qeyd edilib. CNN televiziyası Dieqo Qarsia adasının İrana 4 min kilometr məsafədə yerləşdiyini bildirib. Bununla Vaşinqtonun öz təyyarələrini İranın “Şahab” və “Sumar” kimi raketlərindən qorumağa çalışdığı vurğulanıb. Bundan başqa, ABŞ Yaxın Şərqdə də hərbçilərinin sayını durmadan artırır. Məlumata görə, Pentaqon İranla münasibətlərin gərginləşdiyi vaxtda Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərməyi planlaşdırır. "The Wall Street Journal" qəzeti hərbi qurumun adı açıqlanmayan nümayəndələrinə istinadən bildirir ki, Pentaqon hazırda İtaliyanın Viçentsa şəhərində yerləşən 200 hərbi qulluqçunu bölgəyə göndərməyi düşünür. Onlardan bəziləri ABŞ-ın Beyrutdakı səfirliyinin təhlükəsizliyini təmin edəcək. Onların ardınca daha 3500 hərbçi də bölgəyə gətriləcək. Nəşr yazır ki, İran ABŞ-a hansısa hərbi cavab verməkdə isrralıdır. Bunu İran rəsmiləri özləri də açıqlayıb. İranın müdafiә naziri general-mayor Әmir Hatәmi bildirib ki, general Süleymaninin qәtlinә İranın reaksiyası sәrt olacaq. Onun sözlәrinә görә, general Süleymaninin qanı nahaq yerә axıdılıb vә cinayәti törәdәnlәri ağır cәza gözlәyir. İranın Mәslәhәt Şurasının katibi general Möhsün Rzayi dә bildirib ki, İran ABŞ-dan sәrt intiqam alacaq.
Ekspertlər bildirir ki, bu vəziyyətdə ABŞ və İranın ilk mərhələdə daha çox İraqda üz-üzə gəlmə ehtimalı olduqca böyükdür. Artıq bunun ilkin anonsları da verilir. Belə ki, İran və ona bağlı qruplar üçün indi asan hədəf məhz İraqdakı ABŞ ordusudur. İran Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti də bu xüsusda bildirir ki, ABŞ ordusunu Yaxın Şərqdən çıxarmasa, çox peşman olacaq. İran nümayəndəsi Moskva və Pekinlə birgə hərbi təlimlərə də toxunaraq, bunun ABŞ-ın regionda fəaliyyətinə qarşı vacib reaksiya olduğunu qeyd edib: “Amerikalılar çox axmaq bir addım atdılar və indi “ikinci Vyetnamla” qarşılaşmaq istəmirlərsə, regionu dərhal tərk etməlidirlər”. Vilayəti əlavə edib ki, ABŞ həmişə İran və onun müttəfiqləri qarşısında məğlub olub. Hazırda İran ona bağlı qüvvələr vasitəsilə İraqda mövqelərini gücləndirir. Bu fonda ABŞ prezidenti Donald Tramp İranın İraqdakı təsirinin güclənməsinin “yaxşı heç nə ilə bitməyəcəyini” bildirib: “Birləşmiş Ştatlar illər boyunca İraqa ildə milyardlarla dollar ödəyir. İraq xalqı istəmir ki, İran üstün olsun və ona nəzarət etsin, amma son nəticədə bu onun seçimidir. Son 15 ildə İran İraqa daha çox nəzarət edir və İraq xalqı bundan narazıdır. Bu, yaxşı heç nə ilə bitməyəcək!”. Qeyd edək ki, Bağdadda iranlı generalın öldürülməsindən sonra İraq parlamenti xarici qüvvələrin ölkədən çıxarılmasına qərar verib. Hesab olunur ki, ABŞ bu addıma getsə, Yaxın Şərqdə mövqeləri xeyli zəifləyəcək. ABŞ-ın müdafiə naziri Mark Esper bu durumda İraqı tərk etməyəcəklərini bildirib: “ABŞ ordusunun İraqdan çəkiləcəyi barədə yayılan xəbərlər əsassızdır”.
O qeyd edib ki, Vaşinqtonun İraqdan çəkilmək barədə planı yoxdur. Nazir İrana qarşı sərt hərbi zərbələrə hazır olduqldarını da bildirib. İndi əsas gözləntilər bundan ibarətdir ki, İran ona bağlı qruplar vasitəsilə İraqdakı ABŞ qüvvələrinə zərbələr endirməyə çalışacaq. Buna isə ABŞ-ın sərt cavabının olacağı şübhəsiz sayılır. Qeyd edək ki, Donald Tramp artıq İranı 52 obyektinə zərbə endirilə biləcəyi ilə hədələyib. İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi isə Donald Trampın Tehranı hədələməsinə cavab verib. Musəvi ABŞ-ın İranda 52 obyektə zərbə endirməyə cəsarət etməyəcəyini vurğulayıb. O bildirib ki, gələcəkdə mümkün münaqişənin gedişində ABŞ-ın belə bir addım atmağa cəsarət edəcəyinə şübhə ilə yanaşır. İran prezidenti Həsən Ruhani də amerikalı həmkarının təhdidlərinə cavab verib: “İran millətini əsla təhdid etməyin. 52 rəqəminə işarə edənlərin 290 sayını düşünməsi daha yaxşı olar”. Bir daha qeyd edək ki, Tramp, Tehran hücum edəcəyi təqdirdə, İrana məxsus 52 hədəfin vurulacağını bildirmişdi. 52 rəqəmi 1979-cu ildə ABŞ-ın Tehran səfirliyindəki 52 əməkdaşının girov götürülməsinə, 290 rəqəmi isə amerikalı hərbçilər tərəfindən 1988-ci ildə vurulan İran təyyarəsindəki sərnişinlərin sayına işarədir.
Bundan başqa, savaş qızışacağı təqdirdə İranın İsraili də hədəfə alması əsas gözləntilər sırasındadır. İsrailin baş naziri Benyamin Netanyahu da bunu istisna etmir və Tehranı proseslərə diqqətlə yanaşmağa çağırır: “İranlı generalın öldürülməsində İsrailin əli yoxdur. Buna görə də İsrail ABŞ-la İran arasındakı gərginliyə daxil edilməməlidir”. O bildirib ki, son hadisələrin Təl-Əvivlə əlaqəsi yoxdur.
Tahir TAĞIYEV