Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində ölkəsinin Cənubi Qafqaz dövlətləri arasında iqtisadiyyat sahəsində lider olduğuna dair paylaşım edib: “Əziz insanlar, xatırlayın, parlamentin kürsüsündən dedim ki, 2019-cu ilin sonuna adambaşına düşən ÜDM-in həcminə görə Gürcüstanı, 2020-ci ildə isə Azərbaycanı üstələyəcəyik. 2019-cu ilin sonunda Cənubi Qafqazın lider ölkəsinə çevrilməklə həm Gürcüstanı, həm də Azərbaycanı geridə qoyduq ”.
Qeyd edək ki, Paşinyan bu məlumatı Beynəlxalq Valyuta Fondunun (BVF) yaydığı məlumata istinadən bildirib. Ermənistan mətbuatının yaydığı həmin məlumatda qeyd olunur ki, Ermənistanda adambaşına düşən ÜDM-in xüsusi çəkisi 4.76 min dollar, Azərbaycanda bu göstərici 4.72 min dollar, Gürcüstanda 4.63 min dollar təşkil edib.
Ermənistanın iqtisadiyyatı Azərbaycanla müqayisəolunmaz dərəcədə zəifdir. Belə bir ölkənin ÜDM-nin çəkisinə görə Azərbaycanı keçməsi nə dərəcədə doğrudur?
Fikrət Yusifov: “...Azərbaycanda adambaşına 19.2 min dollar ÜDM düşür, Ermənistanda isə bu rəqəm adambaşına 11.8 min dollar təşkil edir”
Sabiq maliyyə naziri Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan bu məsələdə təhrifə yol verib: “Paşinyanın siyasətdə diletant olduğu bəlli idi. Bu açıqlaması ilə sübut etdi ki, iqtisadiyyatdan, ümumiyyətlə, xəbərsizdir. Belə bir müqayisələr adətən ümumdaxili məhsulun alıcılıq qabiliyyəti pariteti əsasında aparılmalıdır. Burada ÜDM-in, sadəcə, nominalı deyil, alıcılıq qabiliyyəti əsas götürülür. Bu nə deməkdir? Görürsünüz ki, Paşinyan da bu müqayisəni milli valyutalarla deyil, dollarla aparıb. Onda belə çıxır ki, biz Azərbaycanda istehsal olunan ümumdaxili məhsula ABŞ bazarındakı alıcılıq qabiliyyəti baxımından yanaşmalıyıq. Çünki dollar ABŞ-a aid olan milli valyutadır. Dollarla danışırıqsa, ölçü bu olmalıdır. Milli valyuta ilə danışsaq isə başqa kriteriyaları əsas götürməliyik. Hətta bu baxımdan yanaşanda belə, Azərbaycan Ermənistanı geridə qoyur. BVF-nin ən son hesabatında belə qeyd edilir ki, Azərbaycanda adambaşına 19.2 min dollar ÜDM düşür, Ermənistanda isə bu rəqəm adambaşına 11.8 min dollar təşkil edir. Yəni bu rəqəmin özü sübut edir ki, Paşinyan yalan danışır. Bundan əlavə, Ermənistanın xarici borcu da Azərbaycanla müqayisədə çoxdur. Bütün bunlar Ermənistanın bizdən çox geridə olmasını şərtləndirir”.
Qeyd edək ki, Ermənistan KİV-i həmin ölkənin Baş naziri Nikol Paşinyanın bir gün əvvəl dediklərinə redaktə etmək məcburiyyətində qaldığını bildirib. O deyib ki, adambaşına düşən ÜDM-in həcminə görə Ermənistan Qafqazda yalnız Gürcüstanı keçir, Azərbaycanı yox.
Məhəmmədəli QƏRİBLİ