Məlum olduğu kimi, yanvarın 3-də Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürdü. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.
1998-ci ildən “Sepah”ın Qüds Briqadasına rəhbərlik edən Q.Süleymaninin ölümü dünyada yeni müharibə ocağının yaranmasına səbəb olacaq kimi fikirlər dolaşmaqdadır.
O da məlumdur ki, Q.Süleymaninin İraqda öldürülməsi Trampın birbaşa əmri əsasında həyata keçirilib və Yaxın Şərqdə gərginliyin artmasına öz təsirini göstərəcək. Artıq ABŞ-İran münasibətlərində gərginlik daha da kəskinləşib. Aydın məsələdir ki, Süleymaninin qətli iki dövlət arasında qarşıdurmanın səngiməsinə deyil, artmasına səbəb olacaq.
Türkiyə və Rusiya prezidentləri də bəyanat verdilər ki, bu hadisə iki ölkə arasındakı gərginliyi artıracaq. Bütün bunlara baxmayaraq, tərəflər arasında danışqların bərpasını da istisna etmək olmaz. Nəzərə almaq lazımdır ki, İran qədim dövlətçilik ənənələrinə malikdir. 1979-cu ildən bəri tərəflər arasında münasibətlər nə qədər gərgin olsa da, bu, müharibəyə gətirib çıxarmayıb.
Bu baxımdan Azərbaycanın iki tərəf arasında vasitəçilik etmək məsələsi gündəmə gəlir. Nəzərə almaq lazımdır ki, Azərbaycan qarşılıqlı anlaşma və mehriban qonşuluq prinsipləri əsasında yaşamağın tərəfdarıdır. O baxımdan lazım gələrsə, rəsmi Bakı tərəflər arasında vasitəçi ola bilər. Çünki Azərbaycan etibarlı tərəfdaşdır və ölkəmizə etimad var. Bu mənada, Azərbaycan arta biləcək gərginliyin qarşısını almaq üçün öz imkanlarından istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan NATO ilə Rusiya arasında gərginliyin azalmasında rol oynayıb. Dəfələrlə tərəflər Bakıda bir araya gəliblər. Bu baxımdan, ABŞ-İran ziddiyyətlərinin həllində Bakının vasitəçilik perspektivini ekspertlər necə dəyərləndirirlər?
“Ancaq gərək hər iki ölkə buna razı olsun”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Azərbaycanın tərəflər arasında vasitəçilik perspektivini istisna etmədi: “Əvvəla, bütün hallarda, ABŞ-la İran arasında gərginliyi azaltmaq üçün, təbii ki, vasitəçiyə ehtiyac var. Beynəlxalq münasibətlər praktikasında, ümumiyyətlə, diplomatiya tarixində həmişə belə hallarda vasitəçilik gündəmə gəlir. Ancaq vasitəçilik real qüvvələrdən ibarət olmalıdır. Vasitəçiliyi bir sıra dövlətlər edə bilər. O cümlədən, qonşu dövlətlər də bu işə fayda verə bilər. Xüsusən də Azərbaycan bu işdə fəal rol oynaya bilər. Çünki Azərbaycanla İran qonşu dövlətlərdir. Biz İranla bir sıra layihələr həyata keçiririk. Eyni zamanda, bizim ABŞ-la da münasibətlərimiz kifayət qədər yaxındır. İki ölkə arasında partnyorluq münasibətləri var. O üzdən, biz bunu yüksək qiymətləndiririk. Azərbaycan ABŞ-la İran arasında vasitəçilik missiyasını üzərinə götürə bilər. Ancaq gərək hər iki ölkə buna razı olsun. Sözügedən dövlətlər buna razılaşsa, Azərbaycan öz rolunu icra edə bilər. Çünki İran-ABŞ gərginliyinin alovlanması bizim maraqlarımıza da ziyandır. Digər tərəfdən, təcrübə göstərir ki, Bakı həmişə müxtəlif qütblərin nümayəndələrinin burada yığışmasına şərait yaradıb. Bir sıra görüşlər keçirilib. Düşünürəm ki, bu kontekstdə bizim vasitəçiliyimiz hər hansı müsbət nəticəyə gətirə bilər”.
Vidadi ORDAHALLI