ABŞ-ın Azərbaycandakı Səfirliyi öz ölkəsinin vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib. Səfirlik ABŞ vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb: “Yaxın Şərqdə gərginlik artır. Bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”.
Amerikalılara öz ətraflarına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əlçatan yerlərdə saxlamaq tövsiyə edilib.
Bundan əlavə, fövqəladə vəziyyətdə ABŞ Səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.
Məlumdur ki, Azərbaycan dünyanın ən stabil və təhlükəsizliyin tam təmin olunduğu ölkələrindən sayılır. Təsadüfi deyil ki, məhz buna görə dünyanın əhəmiyyətli və məxfi sayılan görüşlərinin keçirildiyi məkan kimi dəfələrlə Azərbaycan seçilib. Belə olan təqdirdə, Azərbaycanda olan ABŞ vətəndaşlarına hər hansı təhlükə ola bilərmi, yoxsa ABŞ bu tədbirləri adi prosedur qaydalarına uyğun şəkildə edir?
“Ölkəmizin əlaqədar qurumları istənilən vətəndaşın təhlükəsizliyini təmin etmək istiqamətində öz işlərini müvafiq plana uyğun şəkildə həyata keçirirlər”
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada təhlükəsizliyə təhdidin qarşısnın alınması üçün belə praktikalar tətbiq edilir: “Yaranmış vəziyyət yalnız Azərbaycanla bağlı deyil. Məlum məsələdir ki, ABŞ-la İran arasında olan gərginlik bütün dünyada artan faza ilə davam edir. Bu, tək Azərbaycanda yerləşən ABŞ Səfirliyinin bəyanatı deyil. Bütün dünyada nə qədər ABŞ səfirlikləri varsa, onların hər birinə belə bildiriş göndərilib və səfirliklər də həmin məlumatı öz saytlarında yerləşdiriblər. Əsas məsələ hərbçilərlə bağlıdır. Bildiyiniz kimi, tərəflər bir-birinə qarşı ittihamları davam etdirir. Cənab Trampın 52 obyekti vurmaqla bağlı verdiyi bəyanat gündəmdədir. Bununla Tramp İranın yadına salır ki, vaxtilə 52 ABŞ diplomatını onlar 444 gün girov saxlayıblar. Eyni zamanda, general Qasım Süleymaninin ölümü ilə bağlı İran tərəfi də qırmızı bayraq qaldırmaqla qisas hissinin olduğunu aydın bəyan edir. İranın, həmçinin, nüvə proqramını tərk etməsi bir daha göstərir ki, rəsmi Tehran da bu istiqamətdə bəzi addımlar atmağa çalışır. Əsas məqam ondan ibarətdir ki, bütün bu hadisələr Azərbaycandan çox da uzaq olmayan ərazilərdə yaşanır. Ölkəmiz coğrafi mövqeyinə görə hadisələrin episentrinə yaxındır. Məhz buna görə də ABŞ Azərbaycanda da öz vətəndaşlarının təhlükəsizliyi üçün ehtiyat tədbirləri görür. Bir daha xatırladıram ki, burada Azərbaycanın stabilliyi və təhlükəsizliyi müzakirə mövzusu ola bilməz. Ölkəmizin əlaqədar qurumları istənilən vətəndaşın təhlükəsizliyini təmin etmək istiqamətində öz işlərini müvafiq plana uyğun şəkildə həyata keçirirlər. Hər bir dövlətin öz xarici siyasəti var. Dostluq siyasəti öz yerində, hər bir ölkə öz maraqlarını öndə tutur. Yalnız ABŞ deyil, istənilən vətəndaşla bağlı yarana biləcək problem bizim maraqlarımıza ziddir. Belə bir təlimat olmasaydı da, Azərbaycan öz daxilindəki təhlükəsizlik tədbirlərini yuxarı səviyyədə görəcəkdi”.
Məhəmmədəli QƏRİBLİ