Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 21-ə çatıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən növbəti iclasında Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb. Bundan əvvəl Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Görünən odur ki, Azərbaycanda bir çox partiya, əsasən də tanınmış siyasi təşkilatlar seçkilərdə iştirak edəcəklər. Düzdür, bu heç də ölkədəki bütün siyasi partiyaların seçkidə iştirak etməsi demək deyil. Ancaq nəzərə almaq lazımdır ki, qeydiyyatdan keçən partiyaların heç də hamısı fəal deyil. İctimaiyyətdə elə də tanınmırlar. Bütün hallarda, 21 partiyanın iştirakı parlament seçkisində çoxpartiyalılığı təmin edirmi?
“Azərbaycanda 55-dən artıq partiya olsa da, real mübarizə aparan partiyaların sayı 5-10-dur”
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, 21 partiyanın seçkiyə qatılması bu baxımdan yetərli hesab oluna bilər: “Əvvəla çoxpartiyalı sistem bir çox ölkədə, o cümlədən, Azərbaycanda da var. Bütövlükdə, bu təcrübə dünyada geniş yayılıb. Məsələn, ABŞ-da çoxlu sayda partiya olsa da, daim mübarizədə 2 partiya rəqib kimi ortada olur - Respublikaçılar Partiyası və Demokratlar Partiyası. Bu, Birləşmiş Ştatların xüsusiyyətlərinə uyğundur. Azərbaycanda 55-dən artıq partiya olsa da, real mübarizə aparan partiyaların sayı 5-10-dur. İndi 21 partiya parlament seçkilərində iştirak etməklə bağlı qərar veribsə, buna sevinmək lazımdır. Deməli, irəliləyiş var. Bu, Azərbaycanda çoxpartiyalı sistemin inkişafını göstərir. Kampaniya aparılanda, sonra seçkilərdəki rəqabətdə bunların nəyə qadir olduğunu görəcəyik. Bütövlükdə, hesab edirəm ki, 21 partiyanın seçkiyə qatılması çoxpartiyalılığın təmin olunması baxımından yetərlidir”.
Vidadi ORDAHALLI