Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) İrana qarşı apardığı “uğurlu” əməliyyata görə baş nazir Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampı təbrik etməsi ilə bağlı yalan məlumatlar yayan saxta “Facebook” səhifəsinin sahibini aşkar edib.
Bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu işi törədən saxlanılıb: “Aparılmış əməliyyat-axtarış tədbirləri yolu ilə yanlış məlumatın yayıldığı “Diana Arutyunyan” adlı ermənidilli saxta səhifənin sahibinin kimliyi müəyyən edilib. O, MTX-yə gətirilib və gördüyü əməllə bağlı izahat verib”.
MTX-nin məlumatında o da qeyd edilib ki, saxlanılan şəxslə bağlı videogörüntü də yerləşdirilib: “Videogörüntüdə həmin şəxs yalan məlumatları Ermənistanın nüfuzuna xələl gətirmək üçün yaydığını deyib. Belə ki, saxlanılan şəxs müxalifətçi baxışa malikdir və sabiq prezident Robert Köçəryanın həbsini ədalətli hesab etmir”.
Məlumat üçün qeyd edək ki, bundan bir qədər əvvəl N.Paşinyan onun adından ermənidilli “Facebook” səhifəsində ABŞ Prezidentinə ünvanlanmış yalançı təbrikin yayıldığını və bu təbrikin saxta olduğunu bildirib. Hətta erməni baş nazir bir qədər də irəli gedərək təbrik məktubunun Azərbaycan mediası tərəfindən trendə çevrildiyini və buradan da İran KİV-nə ötürülərək tirajlandığını iddia edib.
Məsələnin maraqlı tərəfi odur ki, Paşinyan hakimiyyətə gələndən bəri ölkədə demokratiyanın, söz azadlığının inkişafından, guya mövcud hakimiyyətin Ermənistanda buna hərtərəfli şərait yaratmasından dəm vurur. Belə olan halda haqlı olaraq ortaya bir sıra suallar çıxır. Yəni, bu nə demokratiyadır ki, jurnalisti yazdığına görə tuturlar? Budurmu Paşinyan hakimiyyətə gələndən sonra ölkədəki demokratiya?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi bu o demək deyil ki, ölkədə demokratiya qələbə çalıb və burada tam demokratik sistem qurulacaq. Paşinyanın hazırda əsas mübarizə apardığı sahə mətbuatdır. Çünki, mətbuat onun idarəçilikdə səmərəsiz olduğunu sübutlarla ortaya qoyur və bu da onun reytinqini aşağı salır. Bundan əlavə, baş nazir fikir və söz azadlığına qarşı da mübarizə aparır. Məhz onun haqqında bir paylaşım edən şəxsi həbs etdirməklə bunu bir daha sübut etdi. Qeyd edim ki, Paşinyan ümumiyyətlə siyasətlə demokratiya anlayışını fərqli qavrayır. O siyasətdə əsasən despotizmə əl atmaqdadır. Göründüyü kimi, bir gəncin adi yazısına görə həbs edilməsi Paşinyan rejiminin dözümsüzlüyünün və avtoritarizmə meylliliyinin sübutudur. Hesab edirəm ki, artıq Ermənistan vətəndaşları Paşinyanın sələfinin davamçısı olduğunu görürlər. Serj Sarkisyan kimi Ermənistanın idarəçiliyini daha da “irəli” aparır. Ermənilər bu vəziyyətə dözməyəcəklər və düşünürəm ki, mütləq bir gün bütün bunlara görə Paşinyandan hesabat tələb edəcəklər. Bu da Paşinyana baha başa gələcək. Paşinyanın siyasəti heç də demokratiyanın bərqərarı və inkişafı deyil. Onun ən başlıca məqsədi ölkədə avtoritar bir rejim qurmaqdır”.
Vidadi ORDAHALLI