Ermənistan baş naziri Nikol Paşinyan Sevan gölü yaxınlığındakı Ardanış dağına gəzintiyə çıxıb. O, bildirib ki, bu yüksəlişi bölgədəki sülhə və sabitliyə həsr edib.
Paşinyan əlavə edib ki, İran və ABŞ Ermənistan üçün dost ölkələrdir. Adıçəkilən dağın başına çıxan Paşinyan İran prezidenti Həsən Ruhaniyə, ABŞ prezidenti Donald Trampa mesajlar göndərib: “İran və ABŞ-dakı tərəfdaşlarımızı gərgin olan vəziyyəti pisləşdirəcək addımlardan çəkinməyə çağırırıq. Buradan İran prezidenti Həsən Ruhaniyə, ABŞ Prezidenti Donald Trampa salam göndərmək istəyirəm. Əminəm ki, hər iki lider vəziyyətin pisləşməsinə imkan verməyəcəklər. Bütün addımlarımız ölkələrimizin qarşılıqlı etimad, sülh və sabitlik ruhunda inkişafına yönəldilməlidir. Şadam ki, kampaniyamızın bütün iştirakçıları bu məntiqlə razıdırlar və Ardanış dağına qalxmağımız buna həsr olunub”.
Ermənistan kimi ölkənin dövlət başçısının belə müraciətlə çıxış etməsi gülünc təsir bağışlayır. Bu vəziyyətdə məşhur atalar sözü yada düşür: “Özünə umac ova bilmir, başqasına əriştə kəsir”.
O baxımdan Paşinyan sözügedən müraciətlə bütün dünyanın gözü qarşısında özünü biabır etdi. Nəzərə almaq lazımdır ki, Ermənistanın nə potensialı, nə də digər parametrləri bu ölkənin hansısa təşəbbüslə çıxış etməsinə imkan vermir. Ermənistanın istər regionda, istərsə də dünyada hansısa rola malik olmadığını Nikol Paşinyanın özü də yaxşı bilir. Belə olan halda Paşinyanın iki böyük dövlət başçısına yönəlik bu cür müraciəti yalnız paradoksal təsir bağışlayır.
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Paşinyanın bu cür gülməli və qeyri-ciddi müraciətlə çıxış etməsi hardasa təəccüblü deyil: “Ona görə ki, Paşinyan baş nazir olandan bəri populist açıqlamalarla çıxış edir. Hər dəfə səsləndirdiyi belə açıqlamaların reallıqla uzlaşmadığını həm Ermənistan ictimaiyyəti, həm də dünya dövlətləri görür. Belə müraciətlə o ölkə başçısı çıxış edə bilər ki, həmin dövlətin dünyada hansısa çəkisi olsun və bu səbəbdən müəyyən söz sahibinə malik olsun. Məsələn, İsrail ərazisinə görə Ermənistandan da kiçik dövlətdir, amma dünyada böyük söz sahibidir. Niyə? Çünki, böyük sənayesi, iqtisadiyyatı, hərbi potensialı var. Açıq dənizə çıxış imkanına malikdir. Yəhudi diasporu dünyada ən güclü lobbi hesab edilir və s. Bütün bunların içində Ermənistanın malik olduğu yeganə güc az-çox erməni diasporunun malik olduğu əlaqələrdir. Yerdə qalanların heç biri Ermənistanda yoxdur. Belə olan halda təbii ki, Paşinyanın Trampla Ruhaniyə dağ başından “mesaj” göndərməsi ancaq gülünc təsir bağışlayır. Buna başqa ad vermək mümkün deyil. Yaxşı olardı ki, Paşinyan bu cür müraciətlə özünü gülünc vəziyyətə salmaq əvəzinə ölkədaxili problemlərin həlli ilə məşğul olsun. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real addımlar atsın. Yoxsa bu cür çıxışlar etməklə özünü bir az da təlxək vəziyyətinə salır”.
Vidadi ORDAHALLI