ABŞ Bağdad Beynəlxalq Aeroportuna atdığı dörd raketlə, içərisində İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds qüvvələrinin komandiri Qasim Süleymani və şiə qrupu Haşdi Şabi liderlərindən olan Əbu Mehdi əl-Mühəndisin də olduğu avtomobilləri vurub. Hücum nəticəsində aralarında Süleymani və Mühəndisin də olduğu on nəfər ölüb. ABŞ-ın hava hücumunda Süleymaninin kürəkəni Məhəmməd Rza Cabiri də öldürülüb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İraq rəsmiləri, Əbu Mehdi əl-Mühəndisin Bağdad Beynəlxalq Aeroportuna Süleymanini qarşılamaq üçün konvoyla gəldiyini və hücumun karqo terminalında iranlı generalın qarşılandığı yerdə baş verdiyini bildirib. O da qeyd edilir ki, Süleymaninin təyyarəsi Dəməşqdən Bağdada gəlib. Adlarının açıqlanmasını istəməyən rəsmilər Süleymaninin cəsədinin tanınmaz halda olduğunu, onun kimliyinin barmağındakı üzüklə müəyyən edildiyini söyləyiblər.
ABŞ mediası, Süleymanini vuran raketlərin pilotsuz təyyarələrdən atıldığını yazır. İranlı generalın olduğu avtomobili yox edən raketlər MQ-9 Reaper tipli pilotsuz uçuş aparatından atılıb. MQ-9 Reaper ABŞ Hərbi Hava Qüvvələrinin ən yeni pilotsuz uçuş aparatlarından biridir. Sözügedən silahlı pilotsuz təyyarə 1 ton 700 kiloqram ağırlığında raketləri daşımaq gücünə malikdir. İran dövlət televiziyası isə hücumun ABŞ helikopterləri tərəfindən gerçəkləşdirildiyini bildirir.
Zərbələrin İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıdığını bildirən Pentaqon İranın Yaxın Şərqdəki ən qorxulu adamı Süleymaninin öldürülməsi əmrini birbaşa prezident Trampın verdiyini açıqlayıb. Əsas hədəf isə ABŞ-ın bir çox hücumlara görə günahlandırdığı İranın Orta Şərqdəki bütün əmliyyatlarını idarə edən Qüds qüvvələrinin komandiri Qasim Süleymani olub.
Regionda ABŞ-ın maraqları əleyhinə aktiv fəaliyyət göstərən bu şəxslərin öldürülməsi Yaxın Şərq üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər. Belə ki, İranın xarici hərbi əməliyyatlarına rəhbərlik edən və ali dini lideri Ayətulla Xameneyiyə xüsusi yaxınlığı ilə tanınan Süleymaninin ölümü Tehrandan sərt cavab gözləntilərini artırıb. Gözlənildiyi kimi, general Süleymaninin qətli İranın sərt reaksiyasına səbəb olub və on minlərlə nümayişçi ABŞ-ı lənətləmək üçün küçələrə çıxıb. Tehrandan gələn demək olar ki, bütün açıqlamalarda qisas alınacağı açıq bildirilir. Dini lider Xameneyi, Süleymanini öldürənləri qisas gözlədiyini bəyan edib və Süleymaninin müavini İsmail Qaninin Qüds qüvvələrinin yeni komandiri vəzifəsinə gətirildiyini deyib.
Növbədənkənar iclas keçirən İran Ali Milli Tәhlükәsizlik Şurası isə bəyan edib ki, general Qasim Süleymaninin ölümünə görə bütün məsuliyyət ABŞ-ın üzərindədir: “ABŞ Qasim Süleymanini öldürərək Yaxın Şərqdə böyük bir strateji səhv etdi və etdiyi səhvin cəzasını ödəyəcək”.
Bu arada, İran İraqla sərhədə ağır hərbi texnika göndərib, müşahidəçilər sərhəddə də İran döyüş təyyarələrinin tez-tez uçuşlar keçirdiyini bildirir.
ABŞ isə İraqdakı vətəndaşlarından dərhal bu ölkəni tərk etmələrini istəyib. İraq Neft Nazirliyi isə ABŞ-ın çağırışından sonra neft quyularında işləyən ABŞ vətəndaşlarının ölkəni tərk etdiyini açıqlayıb. Böyük Britaniya da Orta Şərqdəki bazalarının təhlükəsizliyini ən yüksək səviyyə çatdırıb.
Vaşiqtonun Süleymanini öldürməsi ABŞ-ın özündə də birmənalı qarşılanmayıb. Süleymaninin öldürülməsinə sərt rekasiya verən bəzi senatorlar Donald Trampı ABŞ-ı müharibəyə sürükləməkdə ittiham edir. Demokrat senator Kris Merfi bu addımın daha çox amerikalının ölümünə səbəb olacağını deyir: "Süleymaninin ABŞ-a düşmən olduğu aydın idi, amma əsl sual budur: ABŞ, Konqresin icazəsi olmadan İranın ikinci ən güclü adamına sui-qəsd təşkil edərək regionda dəhşətli müharibəni körüklədimi? Ümumiyyətlə bizim xarici siyasi xadimləri öldürməməyimizin səbəbi, belə bir addımın daha çox amerikalının ölümünə səbəb olacağına inamımızdır”.
Senator Riçard Blumental da buna bənzər reaksiya verərək, Tramp administrasiyasından açıqlama tələb edib: “Hərbi qüvvənin tətbiqi ilə bağlı mövcud səlahiyyətlər, mümkün olan yeni müharibənin başlanmasını heç bir şəkildə əhatə etməməlidir. Bu hərəkət on illərin ən böyük qarşıdurmasına səbəb ola bilər".
Senator Tom Udall isə İranla müharibənin qarşısını almaq üçün Konqresi dərhal hərəkətə keçməyə çağırıb. Tom Carper da Tramp rəhbərliyinin İran mövzusunda hər dəfə provokativ addımlar atdığını deyib: "Bu rəhbərlik, İrandan söhbət gedəndə hər zaman tutarlı bir strategiya əvəzinə ehtiyatsız təxribat yolunu seçir. Mənim qorxum, bu gecə yaşananların da bunlardan biri olmasıdır".
Diqqət çəkən əsas nöqtələrdən biri isə sui-qəsdin üçün İraqın seçilməsidir. İraqın keçid hökumətinin başçısı Adil Əbdül-Mehdi Amerikanın Bağdada aviazərbələr endirməsi nəticəsində Süleymaninin həlak olmasını pisləyərək bunun bölgədə Amerika əsgərlərinin mövcudluğu şərtlərini pozduğunu bildirib.
"Amerika hökumətinin Süleymani və Mühəndisinin məhvi üçün addımlarını kəskin qınayırıq... İraqdan və digər qardaş ölkələrdən olan komandirlərin bu cür məhvi İraqın suverenliyinin kobud şəkildə pozulmasıdır... Bu, Amerika silahlı qüvvələrinin İraqdakı mövcudluğunun kobud surətdə pozulmasıdır: onların rolu iraqlı hərbçilərin təlimi və koalisiyanın tərkibində İŞİD-lə mübarizə ilə məhduddur", - əl-Mehdi deyib.
O bildirib ki, ABŞ-ın bu cür fəaliyyəti "regionda dağıdıcı müharibənin qızışdırılmasına yönəlib".
İraqlı şiələrin lideri Müqtəda əs-Sədr isə tərəfdarlarını İraqın müdafiəsinə hazır olmağa çağırıb. "Mən İraq milli müqavimət hərəkatına cavabdeh şəxs kimi bütün döyüşçülərə, o cümlədən "İmam Mehdi ordusu"na əmr edirəm ki, İraqı müdafiə etməyə hazır olsunlar", - əs-Sədrin bəyanatında deyilir. Qeyd edək ki, "İmam Mehdi ordusu" bir neçə il əvvəl Müqtəda əs-Sədr tərəfindən ləğv edilmişdi. Ancaq o, son çağırışı ilə "İmam Mehdi ordusu"nun ABŞ-a qarşı yenidən meydana çıxacağına eyham vurur.
Livanda "Hizbullah" tərəfdarları da Bağdadda öldürülən Q.Süleymaninin qarşısına qoyduğu məqsədlərə çatmaq üçün dayanmadan çalışacaqlarını bəyan ediblər. "Biz onun varisləriyik. Ona görə də onun yolunu davam etdirərək generalın qarşısına qoyduğu məqsədlərə çatmaq üçün gecə-gündüz çalışacağıq. Onun bayrağını bütün meydanlarda və döyüşlərdə qaldıracağıq", - Livan hərəkatının baş katibi Həsən Nəsrullah bəyan edib.
Süleymani İranın Orta Şərq siyasətini müəyyənləşdirən və və bunu həyata keçirən əsas fiqurlardan biri olub. Hətta İranda Süleymaninin öldürülməsi ölkə daxilində hər hansı bir hərbi obyektə hücum kimi dəyərləndirilir.
Artıq İranın ABŞ-ın bu hücumunu cavabsız qoymayacağı barədə qəti fikirlər formalaşıb. Bu olaydan sonra ABŞ-ın bölgədəki diplomatik korpus və bazaları üçün də ciddi təhlükə yaranıb. Tehrandan gələn bəyanatlar və İranın İraqla sərhəddə hərbi qüvvə toplaması da bunu sübüt edir. ABŞ da hadisədən sonra Orta Şərqə əlavə 3500 hərbçi göndərib. Qoşunların harada yerləşdiriləcəyi ilə bağlı təfərrüatlar rəsmən açıqlanmasa da, qüvvələrin əsasən Küveytə yerləşdiriləcəyi deyilir. İsrail də İranın güclü olduğu Suriya ilə sərhəddə ordunu hazır vəziyyətə gətirib.
İran və ABŞ ilk dəfə müharibəyə bu qədər yaxın görünür. Hətta tərəflər arasındakı son gərginliyin dünyanı yeni böyük bir müharibəyə - Üçüncü Dünya Müharibəsinə apara biləcəyilə bağlı fikirlər səsləndirilir.
Avropa ölkələri tərəfləri sakitliyə çağırıb, Rusiya isə ABŞ-ın son addımının bütün bölgəni təhlükəyə sürüklədiyini bəyan edib. Körfəzdəki gərginliyin artmasından narahat olduğunu açıqlayan Birləşmiş Millətlər Təşkilatı isə bəyan edib ki, dünya Körfəzdə yeni bir müharibəni qaldıra bilməz. Hər halda proseslərin hansı istiqamətdə gedəcəyə yaxın bir neçə gündə, bəlkə də bir neçə saatda məlum olacaq.
T.TAĞIYEV