Bu gün dünyada yaranan münaqişələrin bir çoxunun kökündə geosiyasi maraqların dayanması danılmaz həqiqətdir. Hazırda özünü dünya nizamının formalaşmasında aparıcı hesab edən dövlətlərin bir çoxu qarşıya qoyuduğu maraqlara çatmaq üçün müxtəlif vasitələrdən, o cümlədən münaqişələr yaratmaqdan geniş istifadə edirlər.
Bəzi dünya ölkələri isə belə istəklərə qarşı müqavimət göstərə bilmədiyindən ona kənardan diqtə olunanları həyata keçirir. Həmin ölkələrin konkret müqavimət gücünün olmaması isə bir neçə amillə şərtlənir.
Əvvəla, iqtisadi, siyasi cəhətdən asılılıq buna imkan vermir. İkincisi, müstəqil siyasət yürütməyə meyl edilməməsi bu vəziyyəti formalaşdırır. Bütün bunlar isə qeyd olunduğu kimi, son nəticədə güclü dövlətin öz məqsədinə çatması üçün zəif ölkəni hətta münaqişəyə itələməsi kimi situasiyaların yaşanmasına rəvac verir və dünyadakı münaqişələrin sayını artırır.
Bu kimi həssas məsələyə Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı xüsusi toxundu. Prezident öncə ölkəmizin müstəqil siyasətinə toxunub və qeyd edib ki, Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var: «Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir və bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və gənc müstəqil Azərbaycan 155 ölkənin dəstəyi ilə bu mötəbər təşkilata üzv olmuşdur. Yəni bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini verməklə bizə öz dəstəyini göstərmişdir".
Dövlət başçısı hesab edir ki, hər bir ölkə müstəqil xarici siyasət aparsa, dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar: "Hər bir ölkə o biri ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə o biri ölkənin seçiminə də hörmətlə yanaşmalıdır. Beynəlxalq müstəvidə dinlərarası dialoq, humanitar sahə - bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan çox ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər. Amma biz bir yerdə yığışırıq, müzakirə edirik, çalışırıq yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrıseçkilik, irqçilik artır. Bu tendensiyaları biz görürük və bunu narahatlıqla izləyirik".
Həqiqətən də dünyada mövcud vəziyyətin təhlili göstərir ki, hər bir ölkə müstəqil xarici siyasət aparsa, dünyada müharibələr də az olar. Bu xüsusda ən bariz nümunə xarici himayədarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistandır. Birmənalı həqiqətdir ki, Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi, müxtəlif dövlətlərdən asılı vəziyyətdə olması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların müsbət nəticə verməsini əngəlləyir. Dünya birliyinə də yaxşı məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, milyonlarla vətəndaşımızı öz doğma yurd-yuvalarından didərgin salıb. Ermənistanın işğalçılıq faktı BMT-nin və digər beynəlxalq qurumların qətnamələrində öz əksini tapıb. Lakin bu ölkənin arxasında duran qüvvələr, onlara hamilik edən dairələr hər vəchlə münaqişənin sülh yolu ilə həllinə imkan vermirlər. Ermənistanın müstəqil siyasətinin yoxluğu isə ona Qarabağ məsələsində sərbəst addım atmağa imkan vermir. Nəticədə bu gün Ermənistan iqtisadi fəlakətlə üz-üzə qalıb və münaqişənin uzanması ilk növbədə Ermənistanın, onun əhalisinin özünə sərf etmir. Bununla belə, müstəqil siyasət yürüdə bilmədiklərinə və digər dövlətlərin ruporu rolunda çıxış etdiklərinə görə, ermənilər müstəqil qərar verib, işğaçlı siyasətindən əl çəkə bilmirlər.
Əslində, bunu Ermənistanda da etiraf edənlər var. Məsələn, Ermənistanın eks deputatı Larisa Alaverdiyan Ermənistanın müstəqil xarici siyasət yürütməli olduğu halda, bunu edə bilmədyini söyləyir. O, Ermənitanın məcburi şəkildə Gömrük İttifaqına üzvlüyü və Qərbdən imtina etməsini buna sübut olaraq göstərir: "Bizi hər yaxınlaşmada yalnız məğlubiyyət gözləyir. Çünki özümüzün yeritdiyimiz müstəqil xarici siyasi kursumuz yoxdur. Bütün problemlər Ermənistanın müstəqil siyasi kursunun olmamasından xəbər verir”.
Ümumiyyətlə, əksər ekspertlər hesab edir ki, Ermənistan da Azərbaycan kimi bütün daxili və xarici siyasətində müstəqil olmuş olsaydı, özünün bütün diplomatik fəaliyyətini xalqının, dövlətinin rifahına, gələcək strateji kursa yönəltmiş olsaydı, Qarabağ münaqişəsi də çoxdan həllini tapardı. Lakin indiki halda Ermənistan müstəqil dövlət deyil, onun müstəqilliyi kağız üzərindədir. Həmçinin, Ermənistan xaricdəki lobbilərin təsiri altındadır.
Digər tərəfdən bütün dünyaya məlumdur ki, Ermənistanın ağası kimdir, kimin sifarişini yerinə yetirir, hansı dövlət orada hakimiyyəti dəyişir. Yəni, sirr deyil ki, Ermənistan Qafqaz regionunda faktiki olaraq Rusiyanın siyasi xəttini yerinə yetirmək üçün mövcud olan bir dövlətdir. Ondan fərqli olaraq Azərbaycan heç bir dövlətdən asılı deyil, özünün ərazi bütövlüyünü qorumaq, haqq səsini dünyaya çatdırmaq üçün güclü, qüdrətli dövlətdir və lazım gələndə düşmənin cavabını vermək iqtidarındadır. Azərbaycan ordusunun ermənilərin cəbhədəki son təxribatlara layiqli cavab verməsi də bir daha onu göstərdi ki, Azərbaycanın kifayət qədər gücü var. Lakin ölkəmiz Qarabağ konfliktini sülh yolu ilə həll etmək istəyir. Sadəcə, Ermənistanın müstəqil ölkə olmaması burada əsas maneə yaradan faktor kimi çıxış edir.