Suriya və İraqla bağlı qanun layihəsiTürkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılıb.
Nurman-xeber.az saytı xəbər verir ki, İraq və Suriyadan Türkiyəyə qarşı terror təhdidinə qarşı Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi üçün hökumətin göndərdiyi layihə qəbul edilib. 298 səslə qəbul edilən qanun layihəsinin əleyhinə cəmi 98 millət vəkili səs verib.
Səsvermədən əvvəl HDP və CHP layihənin əleyhinə səs verəcəklərini, MHP isə dəstəkləyəcəyini bildirmişdi. Hakim AKP-nin 50-ə yaxın millət vəkili Həcc ziyarətində olduğu üçün Məclisin toplantısında iştirak etməyib.
Layihədə nələr var?
* Layihədə Türkiyə Silahlı Qüvvələrinə sərhədin qarşı tərəfinə keçib əməliyyat keçirməsinə icazəsi verir.
* İki ölkə sərhədində etibarlı bufer zonası yaradılmasına imkan verilir
* Layihə lazım gələcəyi halda xarici əsgərlərin Türkiyədən keçişi və yerləşməsinə imkan verir.
Ekspertlərə görə, qəbul olunan yeni qanun layihəsi ABŞ-ın cihadçılar üzərinə hava zərbələri endirmək üçün Türkiyənin cənubundakı İncirlik hərbi hava bazasından istifadə etməsinə də imkan verəcək.
Bundan əvvəl parlamentdə çıxış edən prezident Rəcəp Tayyip Ərdoğan Qərbi Suriya və İraqdakı vəziyyətlə bağlı uzunmüddətli həll tapmağa çağırıb və bildirib ki, İŞİD-in üzərinə "tonlarla bomba” tökməklə problemin həlli yalnız müvəqqəti ləngidilə bilər.
Prezident deyib ki, İŞİD-ə qarşı "səmərəli vuruşmaq” Türkiyə üçün prioritet olsa da, "Dəməşq administrasiyasının” dərhal ləğv edilməsi də prioritet olaraq qalmaqda davam edəcək.
Onu da qeyd edək ki, Türkiyə sərhədi yaxınındakı Suriyanın kürd şəhəri Kobani 17 gündür radikal islamçı İŞİD yaraqlılarına qarşı vuruşur. Bir az əvvəl Türkiyə parlamentində müzakirələrin getdiyi vaxt İŞİD yaraqlılarının Kobani şəhərinə girməsi barədə məlumatlar yayılıb. Bu bölgənin işğal olunması Türkiyə üçün də böyük təhlükə törədir.
Suriyanın bu bölgəsindən qaçan 150 mindən çox kürd əhali Türkiyəyə sığınıb.
İŞİD-in irəliləməsi həmçinin Suriya ərazisində Osmanlı imperiyasının banisi Birinci Osmanın babası Süleyman Şahın türbəsini mühafizə edən Türkiyə xüsusi qüvvələrinin vəziyyətini təhlükəli edir. Türbə Türkiyə sərhədindən 30 kilometrlik məsafədə, Suriya ərazisindəki anklavda yerləşir. Bu məqbərənin də təhlükə ilə üzləşdiyi bildirilir.
Türkiyə ordusu da sərhəddə hazır vəziyyətə gətirilib. Türkiyə ordusunun Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaması artıq an məsələsidir.