ABŞ-ın İrana tətəbiq etməyə hazırlaşdığı növbəti sanksiyalar paketinin qüvvəyə minmə müddəti yaxınlaşdıqca dünya bazarlarında neftin qiyməti də sürətlə qalxmaqda davam edir. Qeyd edək ki, İran neftini hədəf alan ABŞ-ın ikinci sanksiyalar paketi noyabrın 5-dən qüvvədə olacaq. ABŞ İran neftinin alıcılarından alışı sıfıra endirməyi tələb edir.
Məlumat üçün bildirək ki, İran təxminən 158 milyard barrel xam neft ehtiyatı ilə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) üzrə Venesuela və Səudiyyə Ərəbistanından sonra 3-cü sırada qərarlaşıb, dünyada isə Kanadadan sonra ən böyük 4-cü ölkədir. ABŞ sanksiyalarından sonra isə neft bazarlarında gündəlik ən azı 2 milyon barrelin əskilməsi gözlənir. Elə bu da qiymətləri sürətlə yüksəldir. Azərbaycan da daxil olmaqla, bu gün əksər istehsalçılar neftin qiymətinin sürətlə bahalaşmasında heç də maraqlı tərəf kimi çıxış etmir. Çünki bu hal dünya iqtisadiyyatında yeni problemlərə rəvac verir. Bakı neft qiymətlərinin 70-75 dollar həddində sabitləşməsini məqbul saydığını dəfələrlə bəyan edib. İndilikdə isə neftimizin satış qiyməti 87 dolları keçir. Yaranmış vəziyyətdə qiymətlərdə sabit vəziyyət yaratmaq üçün OPEK, Azərbaycan da daxil olmaqla, digər hasilatçılarla işbirlyini daha da dərinləşdirməyi nəzərdə tutur. Bunu OPEK-in baş katibi Məhəmməd Barkindo da Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumun “Qlobal enerji 2035” adlı sessiyasında etdiyi çıxışla təsdiq edib. O bildirib ki, davamlı bazar sabitliyi üçün əməkdaşlıq və aktiv iştirak vacibdir. Bu xüsusda o, hasilatçı ölkələrlə əməkdaşlığın daha da genişləndiriləcəyini bildirib.
OPEK-in baş katibi neft bazarında tarazlığın bərpa olunmasında “Əməkdaşlıq Bəyannaməsi”nin tarixi nailiyyətini xatırladıb, davamlı bazar sabitliyi üçün əməkdaşlıq və aktiv iştirakın vacibliyini vurğulayıb. Xatırladaq ki, hələ 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEK Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Azərbaycan bütün bu qərarların aktiv iştirakçısı olub və ölkəmizin bu xüsusda addımları OPEK tərəfindən də yüksək qiymətləndirilib. İndi isə təşkilatı narahat edən məsələ qiymətlərin sürətlə artmasıdır. Bu səbəbdən OPEK və qeyri-OPEK ölkələri üçün indi əsas məsələlərdən biri qiymətin tənzimlənməsi üçün yenidən birgə fəaliyyət planı həyata keçirməkdir. Əks təqdirdə qiymətlər sürətlə artmaqda davam edəcək. Rusiyanın “Qazpromneft” şirkətinin rəhbəri Aleksandr Dyukov bildirir ki, müvafiq addımlar atılmasa, İrana qarşı sanksiyalara görə neftin bir barrelinin qiyməti 100 dollara çata bilər. O, son günlərdə neft bazarında qiymət artımının müşahidə olunduğunu xatırladıb: “Qiymətə gəldikdə isə, şübhəsiz ki, İran neftinə münasibətdə tətbiq edilməsi gözlənilən sanksiyalarla əlaqədar olaraq kəsirin yaranma risqi qiymətə təsir edir”. Bununla belə, A.Dyukov qeyd edib ki, qiymət artımında nə istehsalçılar, nə də istehlakçılar maraqlıdır. Rusiyanın energetika naziri Aleksandr Novak da vurğulayır ki, dünya bazarında neftin qiyməti bir qədər də artmaq potensialına malikdir. O qeyd edib ki, hazırda qeyri-müəyyən vəziyyətlə bağlı neftin qiymətində artma potensialı mövcuddur, amma yekun trend noyabr ayındakı razılıqdan asılı olacaq: “Bazardakı bu qeyri-müəyyənlik, xüsusən də ABŞ-ın İrana qarşı növbəti sanksiyasının tətbiqi ehtimalı ilə bağlıdır". Ümumiyyətlə, ekspertlərin fikrincə, ABŞ-da neft ehtiyatlarının artması və Çinlə “ticari müharibə”yə baxmayaraq, gələn ay İrana qarşı tətbiq ediləcək sanksiyalar neft qiymətinin düşməsinə mane olur.
Qiymətlərin yüksəlməsini önləmək üçün artıq Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını artırmaq barədə razılığa gəlib. Bildirilir ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falihin rusiyalı həmkarı Aleksandr Novakla apardığı bir sıra danışıqlarından sonra sentyabr-dekabr aylarında neft hasilatının artırılması qərara alınıb. Amma hesab edilir ki, qiyməti tənzilməmək üçün bütün hasilatçı ölkələrin prosesdə iştirakı vacibdir. Bunu Məhəmməd Barkindo da xüsusi olaraq vurğulayır. Artıq OPEK qeyd olunan istiqamətdə iş aparır və digər hasilatçı ölkələr kimi Azərbaycanın da prosesdə yaxından iştirakı gözlənir. Ekspertlər hesab edir ki, böyük neft istehsalçıları İrana qarşı sanksiyalardan sonra bazarda yaranacaq tədarük çatışmazlığını kompensasiya etmək üçün maksimum səy göstərir.
Nahid SALAYEV