Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, onun bu fikirləri heç də Rusiya dövlət başçısı tərəfindən xoş qarşılanmayacaq və...”
Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. İki dövlət başçısının görüşündə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Kremldə keçirilən görüşdə V.Putin Rusiya-Ermənistan münasibətlərinin strateji olduğunu söyləyib: “Rusiya Ermənistanla ticarət dövriyyəsində ilk yerini əminliklə qoruyub saxlayır. Biz ticarət-iqtisadiyyat sahəsində bir nömrəli tərəfdaşıq. Ötən il ticarət dövriyyəsinin həcmi 30 faizdən çox artıb. Bu il də artım müşahidə olunur".
N.Paşinyan isə çıxışında Rusiya və Ermənistan arasındakı münasibətlərin xüsusi olduğunu vurğulayıb: “Əmin edirəm ki, bu cür əməkdaşlıq daha da möhkəm olacaq. Düşünürəm ki, həm Ermənistanda, həm də Rusiyada bu münasibətlərin inkişafından məmnundurlar. Ümid edirik ki, bu münasibətlər hər iki xalqa və dövlətə, ölkələrimizin maraqları və suverenliyinə hörmət əsasında daha da effektiv inkişaf edəcək. Bu çox vacibdir”.
Məlum məsələdir ki, Ermənistan marionet bir dövlətdir. Eyni zamanda, Rusiyanın forpost missiyasını həyata keçirir. Belə olduğu təqdirdə Ermənistanın bərabərhüquqlu dövlət statusundan çıxış etmək istəyi gülünc görünür. Faktiki olaraq bu mümkün deyil. Ermənistanın belə vəziyyətdə hansısa şərtlə çıxış etmək şansı yoxdur. O da heç kəsə sirr deyil ki, Rusiyanın yardımı olmadan Ermənistanın, ümumiyyətlə, mövcudluğu sual altına düşəcək. Bütün bunların fonunda, Paşinyanın iki ölkə münasibətləri ilə bağlı məlum yanaşması Rusiya tərəfinin hansı nəticələr çıxarmasına əsas verir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Rusiya daim Ermənistana forpostu kimi yanaşıb. Demək olar ki, bu, ölkənin xarici siyasətinin formalaşdırlmasında əsas rol oynayıb. Eks-prezident Serj Sarkisyan məhz ölkəsinin müstəqilliyini öz hakimiyyəti naminə Rusiyaya güzəştə getmişdi. Ermənistanda aprel ayında baş verən etirazlar fonunda N.Paşinyanın hakimiyyətə gəlməsi iki ölkə arasında müəyyən suallar doğurdu. Baxmayaraq ki, Paşinyan Rusiya ilə qarşlıqlı ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyini qeyd edib. Ancaq formalaşdırdığı yeni hakimiyyətdə biz qərbpərəstləri görürük. Paşinyanın Putinlə görüşündə suverenlik məsələsinə toxunması əsasən bundan sonra müstəqil siyasət aparacağının mesajını özündə ehtiva edir. Bundan sonra Rusiya ilə bir-birinin müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşacağını vurğulaması bu aspektdən irəli gəlir. Hər halda, Rusiya rəsmiləri, o cümlədən Prezident Putin bütün bunların fərqindədir. Hesab edirəm ki, Paşinyanın bu açıqlaması heç də Putin tərəfindən xoş qarşılanmayacaq və gələcək perspektivdə Ermənistana qarşı müəyyən təzyiqləri işə sala bilər. Rusiyanın Paşinyanla axıra qədər yola gedəcəyi mümkün görünmür. Çünki Kreml çalışacaq ki, yeni hakimiyyət özündən asılı olsun. Buna da indiki hakimiyyət getməyəcək. Biz gələcək günlərdə Rusiya ilə Ermənistan arasında yeni problemlərin ortaya çıxacağını görəcəyik. Paşinyan tamamilə Rusiyanın Ermənistanda möhkəmlənməsinin əleyhinə olan şəxsdir”.
Vidadi ORDAHALLI