İlham Şaban: “Azərbaycanla həmsərhəd və böyük qaz yataqlarına malik olan bu iki ölkənin CQD-yə qoşulmaq şansları böyükdür”
İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi açılış oldu. TANAP üzrə ilk qaz iyunun 30-da ötürüləcək. İlin sonuna qədər kəmər vasitəsilə bir milyard kubmetr qaz ixrac olunacaq. Göründüyü kimi, “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi artıq istifadəyə verildi. Bu layihənin bir çox əhəmiyyətli aspektləri barədə danışılıb. Maraqlıdır, bu layihə başqa qaz təchizatçılarını cəlb etmək baxımından hansı potensiala malikdir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu layihə böyük qaz yataqlarını realizə etməyə imkan verir: “Cənub Qaz Dəhlizi” Azərbaycanın iri qaz ehtiyatlarının dünya bazarına çıxarılmasına şərait yaradır. Belə ki, “Şahdəniz” yatağından başqa, “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və digər yataqlar var. Bu yataqlar Azərbaycan qazının dünya bazarına çıxarılmasına təminat verir. Əgər infrastruktur yaradılmasaydı, bu ehtiyatları bazara çıxarmaq mümkün olmayacaqdı. Ölkələr var ki, qaz ehtiyatlarına malikdirlər, lakin infrastrukturları olmadığından, qazı xarici bazara çıxara bilmirlər.“Şahdəniz 2” layihəsi çərçivəsində biz bu il ilk qazımızı hasil edib, Türkiyə bazarında satış həcmlərini ildən-ilə artıracağıq. 2020-ci ildən isə Azərbaycan qazının “Cənub Qaz Dəhlizi” boyunca Avropa bazarına nəqli gözlənir. Bundan sonra müəyyən zaman fasilələri ilə bir-birinin ardınca Xəzərin Azərbaycan sektorunda işlənməyə hazır olan qaz yataqlarının hamısından dünya bazarlarına ixraca start veriləcək. Son 10 ildə Rusiya Qərbə özünün qaz ixracı məsələsini kifayət qədər yumşaltmalı olub və güzəştləri çox güman ki, bundan sonra da davam edəcək. Xəzərin o tayındakı qonşumuz Türkmənistanın dünyanın dördüncü qaz ehtiyatına malik olmasına baxmayaraq, (Türkmənistan hələ 1989-cu ildə 90 milyard kubmetr qaz hasil etmişdi və bu günədək həmin rekorda çata bilməyib, qaz ixracı isə ötən il 35 milyard kubmetr ətrafında olub), ixrac məsələsində böyük problemlər yaşayır.
Türkmənistan qısa müddətdə əvvəlcə Rusiyaya qaz ixracından, sonra isə İrana ixracdan məhrum oldu. Cənub qonşumuz İran isə qaz ehtiyatlarına görə lider ölkə olsa da, Azərbaycandan az ixrac həcminə malikdir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanla həmsərhəd və böyük qaz yataqlarına malik olan bu iki ölkənin CQD-yə qoşulmaq şansları böyükdür. Təsadüfi deyil ki, son zamanlar Türkmənistanın da bu layihəyə marağının artdığını rəsmilər də açıq bəyan ediblər. Bir müddət əvvəl Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevin iştirakını bu marağın göstəricisi saymaq olar. Onun tədbirdəki çıxışında da layihəyə maraq əyani şəkildə göründü. Hesab edirəm ki, qaz nəhəngi olan bu iki ölkənin hazır infrastruktura çıxış imkanları olduqca əlverişlidir”.
Məhəmmədəli QƏRİBLİ