Yeganə Hacıyeva: “Trampın nəzarəti altında Amerika yenidən Cənubi Qafqazda möhkəmlənmək istəyir”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ramazan bayramı münasibətilə Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına təbriklərimizi çatdırırıq.
Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz qonşulara yardım etmə və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmə kimi İslam dininin ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni yad edirik. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini xatırladır. Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.
Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram. Ramazan bayramınız mübarək olsun!”.
Qeyd edək ki, bu, Trampın adından İlham Əliyevə ünvanlanan sayca 4-cü məktubdur. Hiss edilir ki, Tramp Azərbaycanla əməkdaşlıqda əvvəlki sələflərindən daha diqqətcil mövqe sərgiləyir. Onun bu diqqətini Azərbaycan-ABŞ münasibətləri kontekstindən necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Cənubi Qafqaz qitələrarası qovşaq, tampon zona və keçid adlandırdığımız strateji coğrafi regiondur: “Bu regiona nəzarət edən istənilən qüvvə Asiya, Avropa və Yaxın Şərq arasında balansı qorumuş olur. Cənubi Qafqazın ən strateji ölkəsi isə Azərbaycandır. Regionun nüfuzlu iqtisadi, siyasi mərkəzi kimi Azərbaycan milli maraqlarına xidmət edən balanslı, çoxvektorlu xarici siyasət həyata keçirir. Bu üzdən də regionda maraqlı dünya güclərinin təsir dairəsində saxlamağa çalışdığı, nəzarətini gücləndirmək istədiyi ölkə Azərbaycandır. Azərbaycan Cənubi Qafqazın digər üç ölkəsindən fərqli olaraq, müstəqil, güclər arasında balanslı siyasətini qoruyaraq öz maraqlarına uyğun siyasət yürüdən bir ölkədir. Azərbaycan həm Rusiya, həm ABŞ-la öz maraqları ətrafında əməkdaşlıq istəyir.
Bu bir həqiqətdir ki, uzun illər ABŞ-ın Cənubi Qafqazda iqtisadi, siyasi və təhlükəsizlik maraqları və xarici siyasətinin ana xətti Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək məqsədi üzərindən qurulub. Tramp administrasiyası ABŞ-ın bundan öncəki prezidenti Barak Obama dövrünün yanlış Cənubi Qafqaz siyasətini düzəltməyə çalışır. Obama administrasiyasının qarşılıqlı münasibətlərdə əsas tutduğu prioritetlərdən fərqli olaraq, Tramp administrasiyası hələ ilk günlərdən yürütdüyü xarici siyasətində Azərbaycanı ABŞ-ın Cənubi Qafqazda ən böyük ticari və mühüm strateji tərəfdaşı, qlobal enerji təhlükəsizliyində etibarlı, sərfəli enerji tədarükçüsü kimi prioritet ölkə elan edib.
Donald Trampın milli təhlükəsizlik strategiyasında Cənubi Qafqaz önəmli yer tutur. Trampın nəzarəti altında Amerika yenidən Cənubi Qafqazda möhkəmlənməyə çalışır.
Son illər ABŞ-ın Rusiya, İran, Mərkəzi Asiya və Yaxın Şərq siyasəti fonunda dəyişən və sərtləşən yeni geosiyasi müstəvidə Cənubi Qafqaz strateji bənddir. Bu regionun digər iki ölkəsindən fərqli olaraq, məhz Azərbaycan yürütdüyü balanslı, çoxvektorlu siyasət sayəsində yeni manevr imkanları əldə edib. Bu, Azərbaycan üçün milli maraqlarının müdafiəsində və xüsusilə Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar yaradır. Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda Donald Tramp bu məqamı xüsusi qeyd edib.
Xəzəryanı ölkələrin Xəzərin statusu ilə bağlı anlaşmasının imzalanması ərəfəsi, Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi bir zamanda ABŞ Prezidenti Donald Trampın sayca dördüncü xoşməramlı məktubu regionda gedən proseslərdə Azərbaycanın aparıcı rolu ilə bağlıdır.
Azərbaycanla bağlı Amerika Birləşmiş Ştatlarının iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi ABŞ-ın Cənubi Qafqaz regionuna təsirinin güclənməsinə xidmət edən siyasətdir”.
Məhəmmədəli QƏRİBLİ